Dövlət İdarəçilik Akademiyası, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş "Heydər Əliyev və Azərbaycanda Gənclər siyasəti” mövzusunda konfrans keçirilib. Dövlət İdarəçiliik Akademiyasının prorektoru, professor Əlikram Abdullayev konfrans iştirakçılarını salamlayıb və ümummilli lider, Azərbaycan dövlətinin memarı və qurucusu, həyatını xalqına, vətəninə həsr edən Heydər Əliyevin Azərbaycan tarixində, demokratik və hüquqi dövlət quruculuğunda müstəsna fəaliyyətindən danışmış, ulu öndər haqqında öz ürək sözlərini söyləyib.
Konfransda çıxış edən Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov konfransın ulu öndərin 90 illik yubileyi münasibətilə keçirilən silsilə tədbirlərdən biri olduğunu diqqətə çatdırıb. Müstəqil Azərbaycan dövlətinin yaranmasında, möhkəmlənməsində və dünya miqyasında tanınmasında Heydər Əliyevin tarixi xidmətlərindən danışan Raqif Abbasov daha sonra gənclərimizin bir fərd, əsl Azərbaycan vətəndaşı kimi formalaşmasında, ümummilli lider Heydər Əliyevin danılmaz əməyi, misilsiz xidmətləri olduğunu, ulu öndərin zəngin və möhtəşəm dövlətçilik fəaliyyətində gənclər siyasətinin hər zaman xüsusi yer tutduğunu bildirib.
Daha sonra Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideyası və bugün bu ideyanın layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daxili və xarici siyasətindən müəllim və tələbələrə geniş məzmunlu nitq söyləyib.
Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin
mətbuat xidməti