Azyaşlı uşaqlar üçün endirimli biletlər satışa çıxarılır

Azyaşlı uşaqlar üçün endirimli biletlər satışa çıxarılır
Azərbaycanda Formula-1 yarışının təşkilatçısı "Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) 2-16 yaşlı tamaşaçılara endirimli qiymətlərlə dördgünlük biletlər təklif edir. Olimpnews.az saytının məlumatına görə, yalnız tribunalar üçün nəzərdə tutulan bu biletlər məhdud sayda satışa çıxarılıb və onların qiyməti tribunadan asılı olaraq, 140-480 manat arasında dəyişir.

BŞH-nin kommersiya şöbəsinin rəhbəri Bülənt Özərdim bu təşəbbüsün Formula-1 izləyiciləri arasında azyaşlı uşaqların yer almasına imkan yaradacağını deyib: "Biz azarkeşlərə Bakıda keçiriləcək Formula-1 Azərbaycan Qran-prisində ailəliklə iştirak etmək üçün geniş imkanlar təqdim etməyə çalışırıq. Ötən illə müqayisədə bu il azyaşlılar üçün daha çox endirimli bilet təklif edirik. Azyaşlılar üçün artıq bütün tribunalara bilet almaq mümkün olacaq.

Bilet sahibləri yarışı izləməklə yanaşı, müxtəlif yaş qrupları üçün nəzərdə tutulan zəngin əyləncə proqramlarından da yararlana biləcəklər. Bir sözlə, Formula-1 Qran-prisində yarış və əyləncə bir arada olacaq”.

Dördgünlük bileti olan azyaşlı tamaşaçılar Azərbaycan Qran-prisi ilə əlaqədar keçiriləcək bütün yarış sessiyalarını izləyə biləcəklər. Onlar həmçinin "Pit yolu” gəzintisində və Dənizkənarı bulvar ərazisində təqdim olunan bütün əyləncə proqramlarında iştirak edə biləcəklər.

***

"Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) aprelin 21-də və 23-də Bakı Marşal Mərkəzində yerli media nümayəndələri üçün "Formula-1 yarışının ümumi qaydaları ilə nəzəri və praktiki tanışlıq” mövzusunda təlim keçirəcək. Təlimin ilk günündə iştirakçılar Formula-1 dünya çempionatının keçirilmə qaydaları, yarışın idarə olunması və ona nəzarət edən heyətin, o cümlədən marşalların əsas vəzifələri, həmçinin çempionatla əlaqədar digər zəruri məqamlar haqqında nəzəri biliklər əldə edəcəklər.

Təlimin ikinci günündə isə BŞH-nin tərkibində fəaliyyət göstərən Bakı Marşal Klubunun nümayəndələrinin iştirakı ilə Avropa Oyunları Parkında yerləşən təlim trekində Formula-1 Qran-Pri yarışı simulyasiya olunacaq. Burada iştirak edən jurnalistlər yarışın idarə olunması və ona nəzarətlə əlaqədar praktiki biliklərə yiyələnəcək və qaydaların necə tətbiq olunduğunu müşahidə edəcəklər.

BŞH-nin marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai media nümayəndələrini yerli jurnalistlər üçün keçiriləcək xüsusi təlimə dəvət edərək deyib: "Biz yerli jurnalistlərin Formula-1 yarışının incəliklərinə yiyələnmələri üçün mütəmadi olaraq təlimlər təşkil edirik. Şübhəsiz ki, dünya əhəmiyyətli Formula-1 çempionatını səhih və oxunaqlı şəkildə təqdim etmək üçün jurnalist ilk növbədə trekdə nə baş verdiyinə dərindən bilməlidir. Bu məqsədlə biz yarışın əsas reqlamentlərinə işıq salmaq üçün bilavasitə Bakı Marşal Klubunu təlimçi qismində işə cəlb edirik. Bu dəfə keçirəcəyimiz təlim Azərbaycan Qran-prisindən əvvəl keçiriləcək sonuncu irimiqyaslı tədbir olacaq. Buna görə də Formula-1 ilə tanış olmaq istəyən bütün jurnalistləri bu fürsətdən yararlanmağa çağırıram”.