Kikboksçular Milli Qəhrəmanın xatirə turnirində yarışıblar

Kikboksçular Milli Qəhrəmanın xatirə turnirində yarışıblar
Qusar Olimpiya İdman Kompleksində şəhid Milli Qəhrəman Çingiz Qurbanovun xatirəsinə həsr olunmuş kikboksinq üzrə peşəkarlararası turnir təşkil olunub. Olimpnews.az saytının məlumatına görə, yarış Gənclər və İdman Nazirliyinin dəstəyi, Dünya Kikboksinq Təşkilatları Assosiasiyası (WAKO), Azərbaycan Kikboksinq Federasiyası və «Cudo Club 2012» idman klubunun birgə təşkilatçılığı ilə keçirilib.

İştirakçılar əvvəlcə Heydər Əliyevin abidəsi önünə əklil qoyublar. Sonra isə Milli Qəhrəman Çingiz Qurbanovun məzarı ziyarət olunub. Turnirin açılış mərasimində Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov, Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov, Kikboksinq Federasiyanın prezidenti, Milli Məclisin deputatı Adil Əliyev və digər rəsmi nümayəndələr iştirak ediblər.

Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını, idmançılarımıza dövlət tərəfindən yüksək səviyyədə qayğı göstərildiyini deyib. «Azəbaycanın bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi etməsi inkişafın göstəricisidir. Gələn ay Bakıda IV İslam Həmrəyliyi Oyunları keçiriləcək. Bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin düşünülmüş siyasətinin nəticəsidir».

Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov öz çıxışında qeyd edib ki, Prezident İlham Əliyev idmana xüsusi diqqət və qayğı göstərir. «Ölkədə idmanın inkişafı üçün lazım olan şərait yaradılıb. Ölkəmizdə idman inkişaf edir, hesab edirəm, bu inkişaf davamlı olacaq. Bu gün Qusarda şəhid Çingiz Qurbanovun xatirəsinə kikboksinq turnirinin keçirilməsi idmanınmızın inkişafından xəbər verir. Həmçinin bu, torpaqlarımızın azadlığı uğrunda şəhid olanlara etiramın göstəricisidir», - deyə o əlavə edib.

Kikboksinq Federasiyanın prezidenti Adil Əliyev bildirib ki, Çingiz Qurbanov Azərbaycan xalqının yaddaşında əbədi qalacaq: "Çingiz Qurbanov kimi gənclərə ehtiyacımız var. O, Kikboksinq Federasiyasının idmançısı olub. Biz Çingiz kimi oğullarla fəxr edirik. Azərbaycan gəncləri Çingiz kimi vətənpərvər olmalı, öz xalqını, yurdunu sevməlidir». Adil Əliyev Çingiz Qurbanovun idman ustası vəsiqəsini atası Salman Qurbanova təqdim edib.

Tədbirdə kikboksinq idman növü üzrə nailiyyət əldə etmiş idmançılar diplom və fəxri fərmanlarla təltif edilib.

Sonra yarışlara start verilib. 7 çəki dərəcəsi üzrə keçirilən yarışda ölkəmizin peşəkar kikboksçuları qalib adı uğrunda mübarizə aparıblar. Elşad Ələsgərov (57 kq), Elşən Qəniyev (64 kq), Turan Qədimov (67 kq), Rəhim Əliyev (71 kq, low-kik), Alişan Aslanlı (81 kq, k-1), Emil Mövsümzadə (75 kq, k-1) və Bəhrəm Rəcəbzadə (91 kq, k-1) turnirin qalibi adını qazanıblar. Qaliblər kubok və mükafatlarla təltif ediliblər.

Yarış başa çatdıqdan sonra Milli Qəhrəman Çingiz Qurbanovun atası Salman Qurbanov «Olimpiya dünaysı» qəzetinə yarışla bağlı fikirlərini bildirib: «Yarışın təşkilatçılarına minnətdaram. Bir atak imi sevinirəm ki, oğlumun xatirəsi yad olunur. Ümumiyyətlə, torpaqlarımızın bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalanları heç vaxt yaddan çıxarmaq olmaz. Belə yarışların keçirilməsi gənclərdə döyüş ruhu və mübarizə əzmini daha da gücləndirir. Çingiz də kikboksinqlə məşğul olub. O, bacarıqlı idmançı, vətənini qəlbən sevən bir gənc idi. Çingiz kimi gənclər torpaqlarımızın işğal altında olması ilə heç vaxt barışmayıblar. Mən əminəm ki, tezliklə Azərbaycanın işğal altında olan torpaqları azad ediləcək».

Xatırladırıq ki, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Çingiz Qurbanov 2016-cı il dekabrın 29-da Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən baş vermiş döyüşdə şəhid olub. Bu il fevralın 7-də Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə əsgər Çingiz Qurbanova ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adının verilməsi barədə Sərəncam imzalayıb.
Azər Əlizadə,
Qusar