Türkiyənin Antalya şəhərində keçirilən kikboksinq üzrə Avropa çempionatına yekun vurulub. Yarışda iştirak edən kikboksinqçilərimiz qitə çempionatını 17 medalla başa vurublar. Yarışın son günündə millinin gənc üzvü Amin Quliyev “Low kick” versiyasında qızıl medal qazanıb. Ötən ay İtaliyada gənclər arasında dünya çempionu olmuş 17 yaşlı “Ağ canavar” ləqəbli A.Quliyev (60 kq) finalda Andres Unsueyə (İspaniya) qalib gəlib.
Digər finalçılar – Nihad Tağızadə (Low kick, 51 kq), Amil Məmmədov (Full contact, 51 kq), Məhəmməd İmanov (Full contact, 57 kq) və Elvin Qasımov (K1, 51 kq) müvafiq olaraq Türkiyə kikboksinqçiləri Salih Samet Oruc, Bədirhan Ərsayar, Əmrə Karaca və Musa Gülməzə uduzaraq gümüş medalla kifayətləniblər.
Azərbaycan idmançılarından Avropa çempionu Amin Quliyev Səudiyyə Ərəbistanında keçiriləcək Ümumdünya Döyüş Oyunlarına, Avropa üçüncüsü Fərid Ağamoğlanov (Full contact, 63,5 kq) isə Polşada baş tutacaq III Avropa Oyunlarına vəsiqə qazanıb.
Qeyd edək ki, hər iki idmançının şəxsi məşqçisi tanınmış kikboksinq ustası, dünya və Avropa çempionu Eduard Məmmədovdur.
Beləliklə, Azərbaycan millisi böyüklər və veteranlar arasında keçirilən Avropa çempionatını 17 medalla tamamlayıb. Bunlardan 4-ü qızıl, 5-i gümüş və 8-i bürünc medaldır.
Kikboksçularımız qitə çempionatından 17 medalla qayıdırlar