Türkiyənin İstanbul şəhərindəki VII Açıq Çempionatda Azərbaycanı 107 kikboksçu təmsil edəcək.
Azərbaycan Kikboksinq Federasiyasından (AKF) "Olimpnews"-a verilən məlumata görə, Ümumdünya Kikboksinq Təşkilatları Assosiasiyasının (WAKO) bu ildən Dünya Kuboku saydığı yarışda yeniyetmə, gənclər, böyüklər və veteranlardan ibarət idmançılar kikboksinqin K1, "Low Kick", "Full Contact", "Kick Light", "Light Contact" və "Point Fighting" növləri üzrə mübarizə aparacaqlar.
Azərbaycan ilk dəfə "Point Fighting" növündə də təmsil olunacaq və 31 idmançı 14 çəki dərəcəsi üzrə (5 qadınlar, 9 kişilər) qüvvəsini sınayacaq. İlk "üçlüy"ə düşən kikboksçular avqustda Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəylik Oyunlarına lisenziya qazanacaq.
AKF prezidenti Orxan Əliyev Tofiq Bəhramov adına Respublika stadionunda yerləşən təlim-məşq mərkəzində idmançıları qəbul edib. Kikboksçulara inandığını, qardaş ölkədə dövlət bayrağının yüksəklərə qaldırılacağından şübhəsinin olmadığını deyən Əliyev onlara uğurlar arzulayıb. O bildirib ki, özü də yarışı tribunadan canlı izləyəcək.
Qeyd edək ki, 15 - 15 mayda təşkil olunacaq yarışda gənclər və yeniyetmələr üzrə yığmanın baş məşqçisi Hikmət Hacıyev, "Point Fighting" üzrə böyük məşqçi İlqar Abbasov, məşqçi Müşfiq Hüseynov, Şahin Xudaverdiyev, "Full Contact" üzrə böyük məşqçi Telman Məhərrəmov, məşqçi Pərvin Məmmədov və Eduard Məmmədov idmançıları rinq və tatamiyə çıxaracaqlar.
Dünya Kubokunun hakimləri arasında AKF-nin Hakimlər Kollegiyasının sədri Fəxrəddin Quliyev və onun müavini Aydın Ağabəyov da yer alacaq.