Sergey Bubka: “Tamaşaçı kütləsi Olimpiya Oyunları kimi mötəbər yarışlarda mühüm amildir”

Sergey Bubka: “Tamaşaçı kütləsi Olimpiya Oyunları kimi mötəbər yarışlarda mühüm amildir”



Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün namizədlik uğrunda mübarizə aparan ölkələrin sayını artırmaq məqsədilə müəyyən addımlar atılır.

"Olimpnews.az" xəbər verir ki, bu sözləri Olimpiya çempionu, 6 qat dünya, Avropa çempionu, Beynəlxalq Olimpiya Komitəsinin üzvü, Beynəlxalq Yüngül Atletika Federasiyaları Assoasiyasının (İAAF) vitse-prezidenti, Ukrayna Milli Olimpiya Komitəsinin prezidenti Sergey Bubka deyib. Məlumat üçün bildirək ki, bu gün Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Azərbaycan və Ukraynanın Milli Olimpiya Komitələri arasında əməkdaşıq haqqında memorandumu imzalanıb.

Sergey Bubka qeyd edib ki, əvvəllər dünyanın mötəbər idman tədbiri olan Olimpiya Oyunlarına ev sahibliyi etmək istəyən ölkə və şəhərlərin sayı olduqca məhdud idi. Onun sözlərinə görə, 1984-cü ildə Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün yalnız bir şəhər - Los-Anceles öz namizədliyini vermişdi: "Təklif isə ABŞ-ın bir qrup buznesmeni tərəfindən verilmişdi. Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Xuan Antonio Samaranç dünya ölkələrinin olimpiadaya ev sahibliyi ilə bağlı marağını artırmaq üçün Olimpiya nizamnaməsində bəzi dəyişikliklər etməyə məcbur oldu. Olimpiya Oyunlarının təşkili və keçirilməsi üçün maliyyə dəstəyi əsas götürüldü. O vaxtdan xeyli keçib və müasir dövrdə Beynəlxalq Olimpiya Komitəsi böyük nüfuz və hörmətə malikdir. Müasir dövrdə çoxlu sayda şəhərlər namizədlik uğrunda mübarizə aparırlar”.

Sergey Bubka BOK prezidenti Tomas Bax tərəfindən irəli sürülən "Olimpya gündəliyi” proqramının uğurla həyata keçirildiyini vurğuladı. Onun sözlərinə görə, namizədlik uğrunda mübarizə aparacaq ölkələrin sayını artırmaq müəyyən addımlar atılır.
Olimpiya hərəkatının daim inkişafda olduğunu deyən Ukrayna MOK-nun prezidenti deyib: "Beynəlxalq Olimpiya Hərəkatı insanları birləşdirir. Milliyyətindən, cinsindən, irqindən asılı olmayaraq bütün insanlar bərabərdir və olimpizm özündə sülhü, qardaşlığı və dostluğu birləşdirir. Idman və Olimpiya Hərəkatının rolu çox mühümdür. 1988-ci il Pekin Olimpiya Oyunlarını xatırlayıram. O vaxtdan xeyli keçib və irəliləyiş göz qabağındadır. Bu gün də bu sahənin tərəqqisi və inkişafı üçün tədbirlər görülür, müxtəlif layihələr həyata keçirilir. Tomas Baxın da dediyi ki, əgər biz öz həyatimizı dəyişməsək, həyat dəyişməyəcək. Bunun üçün də daim inkişafa can atmalıyıq.

Sergey Bubka son dövrlərdə Olimpiya proqramında edilən dəyişiliklər, yeni idman növlərinin daxil edilməsinə də münasibət bildirdi: "Biz daim yenilənməyə məcburuq. Tamaşaçı kütləsi Olimpiya Oyunları kimi mötəbər yarışlarda mühüm amildir. Buna görə Beynəlxalq Olimpiya Komitəsi daha çox tamaşaçı kütləsi toplamaq üçün yarışların proqramında yeniliklər edir. Yeniliklər edir ki, yarışlar həm böyüklər, həm uşaqlar, həm də gənclər üçün maraqlı, baxımlı olsun. Məsələn, Tokio-2020 Olimpiadasının proqramına elə idman növləri daxil edilib ki, əvvəllər Olimpiya növü olmayıb. Bu növlər xüsusilə gənclər arasında daha çox populyardır”.





Səadət Hakıyeva