İyunun 10-da Azərbaycan millisi DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Şimali İrlandiya yığmasını qəbul etdi. Olimpnews.az saytının məlumatına görə, komandamız üstün keçirdiyi oyunun son dəqiqələrində buraxdığı qolla məğlub oldu. Oyundan sonra təşkil edilən mətbuat konfransında millimizin baş məşqçisi Robert Prosineçki jurnalistlərin suallarını cavablandırdı.
- Meydanda intizamlı, topu ayağında saxlayan komanda gördük. Bu məğlubiyyət futbolçulara psixoloji cəhətdən nə dərəcədə təsir edə bilər?
- Çox danışmaq istəmirəm. Futbolda belə hallar olur. Bir komanda oynadı, digəri qələbə qazandı. Yəqin komandadan razı qalarsınız. İndi millinin oyunçuları tətilə gedirlər. Sonra "Qarabağ” Çempionlar Liqasında, digər klublar Avropa Liqasında yarışacaqlar. Bu gün 70 faiz top bizdə idi. Çox az səhv etdik.
- Rəqiblə matçda sanki "Qarabağ” oynayırdı. Bu sistem gələcəkdə də davam edəcəkmi?
- Mən bura gələndən eyni sistemlə oynayırıq. Yalnız son dəqiqədə səhvə yol verdik və qol buraxdıq. 4 real qol şansımız var idi. Namiq Ələsgərovu yıxdılar, hakim təhlükəli mövqedən cərimə zərbəsi vermədi. Mən komandamdan razı qaldım. Matçın 70-ci dəqiqəsindən sonra iki qol şansımız da yarandı.
- Matçın 63-cü dəqiqəsində komandamız künc zərbəsi qazansa da, Bədavi, Rəşad kimi oyunçular geridə qaldılar. Bu taktika ilə qələbə qazanmaq olardı?
- Mənim həmin vəziyyət yadımda deyil. Onu deyə bilərəm ki, güclü Azərbaycan yığmasını izlədik. Şimali İrlandiya millisi güclü komandadır. Rəqiblə 10 nəfərlə müdafiə olunsa da, 4 qol vəziyyəti yaratdıq. Əgər 4 vəziyyətdən ikisini qola çevirə bilsə idik, bu, son illərin ən güclü Azərbaycan yığması olardı. Norveç yığmasına qarşı fərqli oynayıb qələbə qazandıq. Ancaq bu gün üstün oynasaq da, məğlub olduq.
- Türkiyə mətbuatının yaydığı məlumata görə, "Bursaspor”la danışıq aparmaq üçün Türkiyəyə gedəcəksiniz. Bu, doğrudumu?
- Mənim AFFA ilə ilin sonuna qədər müqaviləm var.
- Meneceriniz dedi ki, "Valensiya”dan təklif gəlsə də, Robert Prosineçki qəbul etmədi. İlin sonuna qədər burada qalacaqsınız?
- Mənim, həqiqətən də, getməyimi istəyirsiniz? Mən AFFA prezidenti, baş katiblə danışmalıyam. Ondan sonra nəsə deyə bilərəm.
- Stadiona toplaşan 30 min azarkeşə hansısa sözünüz var?
- Hər bir azarkeşin öz fikri var. Mən dəstəyə görə azarkeşlərimizə minnətdarlıq edirəm. Meydana çıxan futbolçularım yaxşı oynadılar. Bacardıqlarını meydanda göstərdilər. Bəli, futbolda nəticə çox vacibdir.
- Riçard Almeydanın simasında axtardığınız oyunçunu tapdınızmı?
- Almeyda artıq 6 ildir Azərbaycandadır. Oyunçuların əksəriyyətini çempionatdan tanıyır. Uyğunlaşma prosesində heç bir çətinliyi yoxdur. Bəli, Riçardın simasında axtardığım futbolçunu tapmışam. Həm topla, həm də topsuz çox hərəkət edir. Məncə, o son illərdə Azərbaycanda çıxış edən ən yaxşı legionerlərdən biridir. Onun məşq prosesindəki işinə baxanda fikirləşirsən ki, cənubi amerikalı yox, avropalıdır. Bəzən məşqdəki canfəşanlığını görəndə onun braziliyalı olduğunu unuduram.
Rahib Sahiboğlu