Təmsilçilərimizin avrokuboklarda rəqibləri müəyyənləşib

Təmsilçilərimizin avrokuboklarda rəqibləri müəyyənləşib

İyunun 19-da UEFA Avropa Liqasında 2017/18-ci illər mövsümünün I və II təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib. Olimpnews.az saytının məlumatına görə, ölkəmizi qitənin ikinci dərəcəli klub turnirində üç komanda - "Zirə”, "İnter” və "Qəbələ” klubları təmsil edəcək.

Mübarizəyə I təsnifat mərhələsindən start verəcək "İnter” və "Zirə” klubları püşatma zamanı səpələnmişlər sırasında qərarlaşıb və nisbətən zəif rəqiblərlə qarşılaşacaqlar. Püşatmanın nəticələrinə görə, "İnter” Serbiyanın "Mladost” klubu ilə qarşılaşacaq. İlk oyun səfərdə olacaq. "Zirə” klubu ilk matçını evdə keçirəcək. Qəsəbə klubu Lüksemburq "Differdanj”ı ilə üz-üzə gələcək.

Topaz Premyer Liqasının gümüş mükafatçısı "Qəbələ” isə II təsnifat mərhələsindən mübarizəyə başlayacaq 16 komandadan biridir. Püşk zamanı Qəbələ təmsilçisinin bəxtinə "Yagelloniya” (Polşa)/"Dinamo” (Batumi, Gürcüstan) cütünün qalibi düşüb.

«Zirə» növbəti mərhələyə vəsiqə qazanacağı təqdirdə Rumıniyanın «Astra» klubu ilə qarşılaşacaq. «İnter» klubu isə II təsnifat mərhələsində "Fola” (Lüksemburq)/"Milsami” (Moldova) cütünün qalibi qarşılaşa bilər.

Qeyd edək ki, I təsnifat mərhələsinin oyunları 29 iyun-6 iyul, II təsnifat mərhələsinin matçları isə 13-20 iyul tarixlərində keçiriləcək.

UEFA Avropa Liqası
I təsnifat mərhələsi
"Mladost” (Serbiya) - "İnter” (Azərbaycan)
"Zirə” (Azərbaycan) - "Differdanj” (Lüksemburq)

II təsnifat mərhələsi
«Qəbələ» (Azərbaycan) - "Yagelloniya” (Polşa)/"Dinamo” (Batumi, Gürcüstan)
"Zirə” (Azərbaycan)/"Differdanj” (Lüksemburq) - «Astra» (Rumıniya)
"Mladost” (Serbiya)/"İnter” (Azərbaycan) - "Fola” (Lüksemburq)/"Milsami” (Moldova)