Yeni mövsüm üçün heyətini gücləndirməyə davam edən "Qarabağ” klubu növbəti transferini reallaşdırıb. Olimpnews.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, ağdamlılar Polşa millisinin keçmiş üzvü və "Legiya”nın kapitanı Yakup Jezniçakla 2 illik müqavilə imzalayıb.
Mərkəz müdafiəçisi peşəkar karyerasına 2003-cü ildə Polşanın "Vidzev Lodz” klubunda başlayıb və cəmi bir il sonra Polşanın köklü klublarından "Legiya”ya transfer olub. 30 yaşlı yeni transfer son 13 ili "Legiya”da keçirib. Jezniçak "Legiya”da 5 dəfə Polşa Yüksək Liqasının, 6 dəfə ölkə kuboku və 1 dəfə də Polşa Super Kubokunun qalibi olub. Klub karyerasında 282 dəfə forma geyinən müdafiəçi 13 qolla yadda qalıb.
Polşalı futbolçu 9 dəfə də ölkəsinin əsas komandasına dəvət alıb. Mərkəz müdafiəçisi komandada "52" nömrəli forma ilə mübarizə aparacaq.
Jezniçak "Qarabağ"a transferi haqda öz fikirlərini klubun rəsmi saytına bildirib: "Azərbaycanın ən yaxşı komandasının - "Qarabağ”ın bir üzvü olduğum üçün çox xoşbəxtəm. Mənim üçün bura gəlmək həyəcanlıdır, çünki geridə qalan 13 ili "Qarabağ” kimi köklü klub olan "Legiya”da keçirmişəm. Bir təcrübəli futbolçu kimi bütün gücüm və mübarizəmlə "Qarabağ”a kömək edəcəm. Komandamda yeni məqsədlər üçün mübarizə aparacam və ümid edirəm ki, bu mövsüm Çempionlar Liqasında daha da yaxşı yerlərə gedəcəyik. Anlayıram ki, azarkeşlərin məndən gözləntiləri böyükdür. Yayda sabiq komandam "Legiya”yla təlim-məşq toplanışında iştirak etmişəm və yeni mövsümə özümü tam hazır sayıram. Sonda isə "Qarabağ”da çalışan hər kəsə və azarkeşlərə məni burada isti qarşıladıqları üçün təşəkkür edirəm”.