İyulun 12-də UEFA Avropa Liqasında II təsnifat mərhələsinə start verilib. Olimpnews.az saytının məlumatına görə, ilk oyunlar çərçivəsində təşkil olunan matçlardan birincisi Bakıda keçirilib. Günün yeganə qarşılaşmasında "İnter” Lüksemburqun "Fola” klubunu qəbul edib. Matçın taleyini bir qol həll edib.
UEFA Avropa Liqası
II təsnifat mərhələsi, ilk oyun
"İnter” (Azərbaycan) - "Fola” (Lüksemburq) - 1:0
Qol: Mirhüseyn Seyidov, 89.
Hakimlər: Eytan Şmuelevits, Saqi Metzamber, Nissan Davidi, Daniel Bar Natan (hamısı İsrail).
12 iyul. Bakı. "Dalğa Arena” stadionu.
"İnter" ilk hissədə təşəbbüsü ələ alsa da, üstünlüyünü qola çevirə bilməyib. İkinci hissənin sonunda Mirhüseyn Seyidovun vurduğu qol komandamızın ilk matçdakı qələbəsinə kifayət edib.
Beləliklə, "İnter” yeni rekorda imza atıb. Paytaxt təmsilçisi ardıcıl 4 matçdır qol buraxmır. Zaur Svanadzenin yetirmələri 2015/16-ci illər mövsümünün son avrokubok görüşündə başladığı seriyanı davam etdirir. Həmin vaxt Bakıda "Atletik”lə qolsuz heç-heçə edən paytaxt klubu daha 3 qarşılaşmada eyni nəticəni göstərib.
"Mladost”la hər iki görüşdə (3:0, 2:0) qapısını toxunulmaz saxlayan Səlahət Ağayev "Fola” ilə görüşdə də rəqibin fərqlənməsinə mane olub. Bununla, klubun seriyası 4-ə çatıb. Bu da komandanın avrokubok tarixində yeni rekorddur.