
"Əvvəl də çətin oyun olacağını qeyd etmişdim. "Samtredia” məğlub olmaq niyyətində deyildi”. Olimpnews.az saytının məlumatına görə, bu sözləri "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
Ağdam klubu UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində səfərdə Gürcüstanın "Samtredia” klubunu məğlub edib və 2 oyunda da qələbə qazanaraq mərhələ adlayıb.
Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən təcrübəli çalışdırıcı fikirlərini bildirib: "Hava həddindən artıq isti idi, oynamaq çətin oldu. Oyun keyfiyyətlərini görməsəm də, komandanın durumundan razı qaldım. Bir qədər çox top itkilərimiz oldu. Buna baxmayaraq, bütün oyunçulardan razı qaldım. Futbolçularım nəticə üçün maksimumu etməyə çalışdılar. Rəqibə gəlincə, komandanın yüksək motivasiyası var, bizə qarşı yaxşı oyun sərgilədilər. Məncə, "Samtredia” yaxın zamanlarda Gürcüstanın ən yaxşı komandalarından biri olacaq".