Ağdamlılar iki qələbə ilə növbəti mərhələdə
Son Azərbaycan çempionu "Qarabağ” Çempionlar Liqasının II təsnifat mərhələsində növbəti matçına çıxıb. Olimpnews.az saytının məlumatına görə, təmsilçimiz turnirin cavab matçı çərçivəsində Tbilisidə "Samtredia” klubu ilə qarşılaşıb.
UEFA Çempionlar Liqası
II təsnifat mərhələsi, cavab oyunu
"Samtredia” (Gürcüstan) - "Qarabağ” (Azərbaycan) - 0:1
Qol: Gerye, 22.
Hakimlər: Srcan Yovanoviç, Uroş Stoykoviç, Milan Mihayloviç, Marko Popoviç (hamısı Serbiya).
18 iyul. Tbilisi. Boris Payçadze adına "Dinamo Arena”.
İlk oyun - 0:5
İlk oyunda evdə 5:0 hesablı qələbəyə sevinən çempionumuz formal cavab oyununda da qələbə qazanıb. Yeni transfer Donald Geryenin qolu matçda yeganə olub - 0:1. Beləliklə, iki oyunun nəticəsinə görə, "Qarabağ” növbəti mərhələyə vəsiqə qazanıb. Bu qələbə baş məşqçi Qurban Qurbanov üçün avrokuboklarda yubileylə əlamətdar olub. 45 yaşlı mütəxəssis qitə miqyaslı turnirlərdə 30-cu qələbə sevincini yaşayıb.
Oyundan sonra
Əmrah Çəlikəl ("Qarabağ” klubunun icraçı direktoru): "Çox yaxşı qələbə oldu. Sevincliyik. Növbəti rəqibə gəldikdə isə, Çempionlar Liqasında zəif komanda yoxdur. Əgər bir komanda ölkəsində çempion olubsa, deməli, müəyyən gücə sahibdir. Ona görə də rəqibin kiçildilməsinin heç kimə xeyri olmayacağını düşünürəm. Hazırda danışıq apardığımız yeni futbolçu yoxdur. Bununla bağlı Qurban Qurbanovun fikirlərini əsas götürürük”.
Qurban Qurbanov ("Qarabağ” klubunun baş məşqçisi): "Əvvəl də çətin oyun olacağını qeyd etmişdim. "Samtredia” məğlub olmaq niyyətində deyildi. Hava həddindən artıq isti idi, oynamaq çətin oldu. Oyun keyfiyyətlərini görməsəm də, komandanın durumundan razı qaldım. Bir qədər çox top itkilərimiz oldu. Buna baxmayaraq, bütün oyunçulardan razı qaldım. Futbolçularım nəticə üçün maksimumu etməyə çalışdılar. Rəqibə gəlincə, komandanın yüksək motivasiyası var, bizə qarşı yaxşı oyun göstərdilər. Məncə, "Samtredia” yaxın zamanlarda Gürcüstanın ən yaxşı komandalarından biri olacaq. Əlbəttə, transfer etmək istəyirik. Amma Nikaraqua millisinin kapitanı haqda heç bir məlumatım yoxdur. Bizim zəif oyunlarımız az olmayıb. Daim qələbə qazana bilmərik. Hətta özümüzdən zəif komandaya da məğlub ola bilərik. Komanda olaraq çatışmayan cəhətlərimiz çoxdur. Bu çatışmazlıqları oyundan-oyuna aradan qaldırmağa çalışacağıq”.
Gia Tsetsadze ("Samtredia” klubunun baş məşqçisi): "Bizim üçün çox çətin oyun oldu. Komandamızın oyunundan heç də razı qalmadım. Belə oyun gözləmirdik. Düşünürəm ki, səhvlərimiz var idi. Qol vurmamaq komanda üçün mənfi addımdır. "Qarabağ” kimi güclü komandaya qarşı oynamağa hazır deyilik”.
Maksim Medvedev ("Qarabağ” klubunun müdafiəçisi): "Mənim ən ağır oyunlarımdan biri idi. Bilirdik ki, hava istidir, ancaq bu qədər ağır olacağını gözləmirdik. Tez yorulurduq, bir-birimizə kömək edə bilmirdik, çatışmazlıqlar var idi. Ancaq yenə də nə qədər yaxşı komanda olduğumuzu göstərə bildik. Matçın son 10 dəqiqəsində artıq gücümüz bitmişdi. Öndəki oyunçular da az köməyə gəldilər. Rəqib də hücumda yeni futbolçulardan istifadə edirdi. Buna görə də müəyyən çatışmazlıqlar diqqəti cəlb edirdi”.
Riçard Almeyda ("Qarabağ” klubunun yarımmüdafiəçisi): "İlk oyunda böyük hesabla qalib gəldiyimiz üçün rəqibin istəkli olacağını, matçın çətin keçəcəyini bilirdik. Qasıq nayihəmdə problem vardı. Fiziki cəhətdən oyuna tam hazır deyidim. Əvəzlənməyim öncədən planlaşdırılmışdı. Yəni hansı dəqiqədə meydanı tərk edəcəyimi bilirdim. Reynaldo qardaş kimi mənə yaxındır, darıxıram. Lakin o, öz yolunu seçdi. Artıq 6 ildir Azərbaycandayam. Hazırda heyətdə Reynaldonu əvəzləyəcək futbolçular var”.
Qara Qarayev ("Qarabağ” klubunun yarımmüdafiəçisi): "Səfərdə ağır oyun olacağını bilirdik. Buna baxmayaraq, qələbə qazanaraq reytinq xalı əldə etmək istəyirdik. Bunu bacardıq. Rəqibin meydandakı kobud oyunu, məğlub olmamaq istəyi diqqət çəkirdi. Bəzi epizodlarda adamları düzgün bölüşdürə bilmədik. Ancaq bu da normaldır. Rəqib öz meydanında oynayırdı. Bundan sonra hər addımımız bizi daha yaxşı uğurlara apara bilər. Düşünürəm ki, çox diqqətli olmalıyıq. Növbəti matça yüksək motivasiya ilə çıxacağıq”.
Rahib Səmədov,
Bakı-Tbilisi-Bakı