Qurban Qurbanov: “Heç-heçə pis nəticə deyil” - MÜSAHİBƏ

Qurban Qurbanov: “Heç-heçə pis nəticə deyil” - MÜSAHİBƏ

"Qarabağ” UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Moldovanın "Şerif” klubu ilə heç-heçə etdi. Olimpnews.az saytının məlumatına görə, qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında təmsilçimizin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırdı.

- Oyun haqda fikirlərini bilmək istərdik.

- Rəqibdən bu cür çıxış gözləyirdik. Bu turnir bir daha göstərdi ki, burada zəif komanda yoxdur, hamısı öz ölkəsinin çempionudur. Komandadan razı qaldım. Futbolçular sonadək mübarizə apardılar. Sadəcə, texniki səhvlərimiz çox oldu. Heç-heçə pis nəticə deyil. Evdə qol buraxmamaq da üstünlükdür. Rəqibi daha yaxşı analiz edib, cavab matçına hazırlaşacağıq. Azarkeşlərin qola sevinməmələrinə üzüldüm. Hamısına təşəkkür edirəm. Bizə inanırlar, onların bu inamını doğrultmağa çalışacağıq.

- Sanki ilk hissədə ya onlar sizi yaxşı təhlil etmişdilər, ya da siz rəqibi yaxşı təhlil edə bilməmişdiniz...

- Bu komanda fərqli sistemlərdə çıxış edir. Onların 20 nömrəli oyunçusu ən fəal futbolçu idi. 90 dəqiqə ərzində dayanmadı. Biz bunlara hazırlaşmışdıq. İlk hissədə rəqibin imkan verdiyi qədər oynamağa çalışdıq. Səfərdə daha açıq futbol oynayacaqlar. Buna hazırlaşacağıq. Futbolda bəzən belə olur. "Şerif” müdafiədə səhv etməyən komandadır. Onlar istədiklərini ala bildilər.

- Yakub Jezniçakın zədəsi nə yerdədir?

- Məncə, ciddi bir şey yoxdur. Amma yenə də həkimlər bizə dəqiq cavab verəcəklər. Çünki əzələ ağrısı futbolçuya xoş olmayan zədədir.

- "Qarabağ” rəqibdən güclü olsa da, funksional olaraq hazır deyil. Cavab görüşünə qədər nə isə dəyişə biləcəksinizmi?

- Öz proqramımız üzrə çalışırıq. Bəzi oyunçular üçün əlavə proqram tuturuq. Hansı oyunçunun funksional səviyyəsi aşağıdısa, onun üzərində çalışacağıq. Komanda bu il az müddət bir yerdə oldu. Bəzi çatışmazlıqlar var ki, bu da vaxtla əlaqəlidir. Bu da oyundan-oyuna düzələcək.

- Təmsilçimizin fiziki cəhətdən zəif görünməsi nə ilə əlaqədardır?

- Rəqib ikinci hissədə nadir hallarda hücuma keçirdi. Bəzi oyunçuların funksional hazırlığı aşağıdır. Ancaq Çempionlar Liqasındakı 3 oyun hazırlıq səviyyəmizin yüksəlməsi üçün çox kömək oldu. Bu gün də öz proqramımızla gedirik. Problemli bir şey yoxdur. Ola bilər ki, digər komandalar daha çox oyun keçiriblər. Avstriya toplanışına gedəndə ixtiyarımızda 10 oyunçu var idi. Komanda tam tərkibdə gec məşq etdi. Hələ vaxtımız var.

- Əfranın yerinə Mahir meydana çıxdıqdan sonra hücumunuz daha kəsərli oldu. Cavab matçında necə oynamağı düşünürsünüz?

- Heyəti bu gündən deyə bilmərəm. Hələ bir həftə vaxtımız var. Orada hansı oyun üslubunu quracağıq? Buna təhlil etdikdən sonra qərar verəcəyik. Lazım olsa, müdafiə olunacağıq. Hücumda oynamaq lazım olsa da, belə çıxış edəcəyik. Oyunun gedişatına görə əlavələr mütləq olacaq.

- Təsəvvür etdiyiniz "Şerif”i meydanda gördünüz?

- Meydanda gözlədiyimdən də aqressiv komanda gördüm. Təcrübəli komandadır. Onları indi daha yaxşı tanıdıq. Rəqib nəticəyə oynamağı bacarır. Bu gün də bunun şahidi olduq. Bəzən biz müdafiə olunanda azarkeşlərə birtəhər gəlir. "Şerif” lazım olsa, 90 dəqiqə hücum və ya müdafiə etməyi bacarır. Bizi neçə dəfə əks-hücumda tuta bilərdilər. Müdafiəçilərimiz diqqətli oldular. Səfərdəki oyunda tam fərqli komanda ilə qarşılaşa bilərik. "Kukesi” ilə oyunlarda da fərqli futbol sərgiləmişdilər. Oyunumuzda mütləq dəyişiklik olacaq.

- Pley-off öncəsi evdə qolsuz heç-heçə komandada gərginlik yarada bilərmi?

- Belə düşünmürəm. Çalışacağıq, nəticə üçün oynayaq. Bunun üçün də əlimizdən gələni edəcəyik.

- Ağabalanı meydana gec buraxmağınız nə ilə bağlı idi?

- Donald yorulmuşdu, buna görə də Ağabalanı meydana buraxdım.

- "Şerif”in "Kukesi” ilə oyunlarını yəqin ki, izləmisiniz. Onların fərqli çıxışını necə dəyərləndirmək olar?

- Hər iki oyunlarını izləmişdim. "Kukesi” ilə səfər matçına qalib kimi getmişdilər. Bu səbəbdən əsas məqsədləri qol buraxmamaq idi. Məşqçilər, futbolçular daha inkişaf edirlər, rəqibi daha yaxşı tanıyırlar.

- İlk hissədə çoxlu top itkilərindən sonra meydanı yoxladınız. Buna səbəb nə idi?

- Meydança yaxşı sulanmadığı üçün top yaxşı getmirdi. Buna görə də, fasilədə meydança çox sulandı və ikinci hissədə daha sürətli oynadıq.

Rahib Səmədov