Millətlər Liqasının formatı müəyyənləşdi

Millətlər Liqasının formatı müəyyənləşdi

Millətlər Liqasının yekun qaydaları bəlli olub. Olimpnews.az saytının məlumatına görə, qurumun keçirilən İcraiyyə Komitəsinin iclasında ilk dəfə təşkil olunacaq turnirin keçirilmə formatı və EURO-2020-yə vəsiqələrlə bağlı son qərar təsdiqlənib.

2018-ci il sentyabrın 6-da start götürəcək yarışın yeni loqosu da təqdim edilib. UEFA-ya üzv olan 55 milli assosiasiyanın hamısı yarışda öz millisi ilə təmsil olunacaq.

2017-ci il oktyabrın 11-də açıqlanacaq UEFA-nın yığmalar üçün reytinqinə görə komandalar A, B, C və D liqalarına bölünəcək. Bu reytinqdə DÇ-2018-in pley-offu nəzərə alınmayacaq.

A və B liqalarında 12, C liqasında 15, D liqasında 16 komanda yer alacaq. İki ən güclü liqanın hərəsində 3 komandadan ibarət 4 qrup olacaq. C liqasında isə bir qrupda 3, üçündə 4 yığma mübarizə aparacaqsa, "zəiflər” son liqada 4 komandalı dörd qrupa ayrılacaq.

2018-ci ilin sentyabr-noyabr aylarında ev və səfərdə olmaqla qrup mərhələsinin görüşləri keçiriləcək. A liqasının qrup qalibləri 2019-cu ilin iyununda mükafat uğrunda mübarizə aparacaq.

B, C və D liqalarında qrup qalibləri daha yüksək dəstəyə vəsiqə qazanacaqsa, A, B və C liqalarının qruplarında sonuncu olanlar aşağı diviziona yuvarlanacaq.

EURO-2020-yə vəsiqələrlə bağlı da yekun qərar verilib. 13 ölkədə təşkil olunan yarışa meydan sahibi kimi qatılacaq yığma olmadığından 24 vəsiqənin hamısı mübarizədə bilinəcək. Bunlardan 20-ci seçmə mərhələdə məlum olacaq.

2019-cu ilin martında EURO-2020-nin seçmə oyunları başlayacaq. 55 komanda 10 qrupda mübarizə aparacaq. 5 qrupda 5, 5 qrupda 6 yığma çıxış edəcək. Hər qrupda ilk iki yerə sahib olanlar final mərhələsinə yüksələcək. Digər 4 vəsiqənin sahibi isə Millətlər Liqasından bilinəcək. Hər liqanın ən yaxşısı qitənin ən nüfuzlu turnirinə yüksələcək. Bu komandanı müəyyənləşdirmək üçün qrup qalibləri bir oyundan ibarət yarımfinal və finalda üz-üzə gələcək. Əgər qrup qalibi artıq seçmə mərhələdən EURO-2020-yə vəsiqə qazanıbsa, onu turnir cədvəlində ən yaxın izləyicisi əvəzləyəcək. Bir liqada yarımfinalda oynamaq üçün seçmə mərhələdən vəsiqə qazanan 4 komanda sayı düzəlməsə, digər liqada daha yüksək yer tutan yığma həmin matçlara qoşulacaq.