Futzal üzrə Avropa çempionatının final mərhələsinin püşkü atılıb. Olimpnews.az saytının məlumatına görə, Sloveniyanın paytaxtı Lyublyanada keçirilən tədbirdə qitənin ən güclü 12 komandası 4 qrupa bölünüb.
2018-ci il yanvarın 30-dan fevralın 10-dək keçiriləcək yarışın meydan sahibi olan Sloveniya millisi A qrupunun 1-ci komandası kimi püşkdən kənar qalıb. Digər 11 yığma isə püşkatmaya, əsasən, qruplara ayrılıb.
Ardıcıl 5-ci dəfə final mərhələsində iştirak edəcək Azərbaycan millisinin rəqibləri də məlum olub. Püşkə 2-ci səbətdən qatılan yığmamız İspaniya və Fransa yığmaları ilə eyni qrupa düşüb.
AVRO-2018-in final mərhələsinin təqvimi də bəllidir. İlk turda istirahət edəcək millimiz fevralın 2-də qrupun sonuncu səbətdən gələn komandası - Fransa ilə görüşəcək. Ayın 4-də isə yığmamız 7 qat Avropa çempionu İspaniya millisi ilə üz-üzə gələcək.
Qeyd edək ki, final mərhələsinin oyunları Lyublyanadakı "Stojitse Arena”da təşkil olunacaq.
A qrupu: Sloveniya, İtaliya, Serbiya;
B qrupu: Rusiya, Qazaxıstan, Polşa;
C qrupu: Portuqaliya, Ukrayna, Rumıniya;
D qrupu: İspaniya, Azərbaycan, Fransa.