Atletlərimiz qitə çempionatına uğurla başladılar

Atletlərimiz qitə çempionatına uğurla başladılar

Oktyabrın 15-də Albaniyanın Dürres şəhərində 20-23 yaşlı gənclər arasında ağırlıqqaldırma üzrə Avropa çempionatına start verilib. Yarışda 36 ölkədən 405 atlet (235 kişi və 170 qadın) mübarizə aparır. Olimpnews.az saytının məlumatına görə, çempionatın ilk günündə 20 yaşlı idmançıların mübarizəsində gənc atletlərimiz iki bürünc medal qazanıblar.

Əvvəlcə Kənan Xəlilov (62 kq) birdənqaldırma hərəkətində 123 kq çəkini ram edərək bürünc medal qazanıb. O, təkanla qaldırmada 133 kq çəkinin öhdəsindən gələrək 7-ci olub. Atletimiz iki hərəkətin cəmində 256 kiloqramlıq (123 kq + 133 kq) nəticə ilə 6-cı yeri tutub.

Məhəmməd Məmmədli isə təkanla qaldırmada 148 kq-ın öhdəsindən gələrək bürünc medala sahib çıxıb. Birdənqaldırmada isə atletimiz 115 kiloqramı ram edib və bu hərəkətdə 6-cı olub. İki hərəkətin cəmində 263 kiloqramlıq (115 kq + 148 kq) nəticə göstərən Məhəmməd Məmmədli ümumi nəticədə 4-cü yerlə kifayətlənib.

Avropa çempionatı oktyabrın 22-dək davam edəcək.