Dünya çempionatından daha bir medal

Dünya çempionatından daha bir medal

Perunun Lima şəhərində ağırlıqqaldırma üzrə gənclər arasında dünya birinciliyi davam edir. Ölkəmizi yarışda təmsil edən idmançılardan daha biri uğurla çıxış edib. Belə ki, 69 kq çəki dərəcəsində çıxış edən ağırlıqqaldıranımız Firudin Quliyev dünya çempionatının bürünc medalına yiyələnib.
Birdənqaldırma hərəkətində Firudin 132 kq ağırlığın öhdəsindən yalnız ikinci cəhddə gəlsə də, üçüncü yanaşmada isə 135 kq onun üçün ağır olub. Bu nəticə ilə o, 5-ci yerlə kifayətlənib.
Təkanlaqaldırma hərəkətində idmançımız ilk yanaşmada 176 kq-ı ram edib. Üçüncü cəhddə onu sifariş verdiyi 184 kq ağırılığı qaldırmaq çətin olub. Təkanla qaldırmada gümüş medal qazanan Firudin Quliyev iki hərəkətin cəmində 308 kq (132 kq + 176 kq) üçüncü yeri tutub.
Xatırladaq ki, bu bürünc medal yığmamızın Limada qazandığı ikinci mükafatdır. Bundan əvvəl 62 kq çəki dərəcəsində çıxış edən idmançımız Valentin Xristov dünya çempionu tituluna yiyələnib.