Antalyada təlim-məşq toplanışını davam etdirən "Sumqayıt" yanvarın 28-də keçirilən yoxlama görüşündə Makdeoniyanın "Akademiya Pandev” klubu ilə qarşılaşıb. Oyun 1:1 hesabı ilə başa çatıb.
"Sumqayıt"ın baş məşqçisi Samir Abasov oyundan sonra Olimpnews.az saytının Antalyaya ezam olunmuş əməkdaşına müsahibə verib.
- Oyun haqda fikirlərinizi bilmək istərdik.
- Yoldaşlıq oyunları haqda əvvəl nə demişiksə, indi də fikirlərimiz eynidi. Qıraqda səsimizi çıxarmadıq və fikir verdik ki, görək, uşaqlar məşqdə verilən tapşırıqları edə bilirlər? İlk hissədə həddən artıq "ağır" göründülər. Fasilədən sonra isə oyunçular açılışdılar. Futbolçularıma dedim ki, bizi belə oyunlar çempionatda da gözləyir. Bilmirəm, nə dərəcə doğrudur bunu mətbuata açıqlamağım, amma biz qapalı rəqiblərə qarşı oynamaqda çətinlik çəkirik. Bunun üzərində çox işləməliyik. Toplanış normal gedir. İki oyun geridə qalıb. Hələ növbəti oyunlarımız da qalıb. Daha güclü komandalarla oyun bizi gözləyir.
- Hücumların tamamlanmasında hansı problemlər var?
- Amil Yunanov bizi tam qane etmir. Amma o uşağı da başa düşürəm. Futbolçular millilərə getdi. Balans yaratmağa çalışırdıq, amma futbolçuların milli düşərgəsində olması, gücü digər futbolçulara saldı. Bu səbəbən də Amildə yorğunluq var. Həm də hücumlarda bir az problem var.
- Yeni transfer olacaqmı?
- Belə bir transfer olmayacaq. Əfsuslar olsun ki, klublarımız heç kimlə yolları ayırmır ki, biz də "yaxasından yapışaq". Transfer gözlənilmir.
- Premyer Liqadakı rəqiblərinizlə maraqlanırsınız?
- Mətbuatdan izləyirəm. Kağız üzərində transfer məsələsində hamı bizə qalib gəlir. Ancaq əsas söz meydanda deyilir. "Zirə”nin matçına baxmışdıq. Digər matçlardan da məlumat toplayırıq. Rəqiblərimizlə maraqlanırıq.
- Çempionatda əsas rəqibini "Neftçi”dir. Paytaxt klubunda ab-hava yaxşı deyil, bütün yoxlama görüşlərini uduzublar. Buna münasibətiniz necədir?
- Bizim üçün önəmli deyil. Bizim üçün ən qorxulu "Kəpəz” və "Keşlə” klubları ola bilər. Çünki bu rəqiblərdən məlumatımız daha azdır. Həm də başqa klubun düşərgəsində yaşanan neqativ hallar bizə nə təsir edə bilər?
- "Sumqayıt”dan yığmaya Cavid İmamverdiyevlə Bəhlul Mustafazadə dəvət aldılar. Lakin Amil Yunanov və Bəxtiyar Həsənalızadənin milliyə dəvət olunmaması geniş müzakirə mövzusu oldu…
- Dəvət etməməmklə düz edirlər. İnşallah, layiq olanda, vaxtları çatanda əsas milliyə gedəcəklər.
- Sizcə, Amil Yunanovda çatışmayan cəhət nədir?
- Çatışmayan cəhətləri var. Ancaq məni sevindirən odur ki, o, dayanmaq bilmir və öz üzərində çox çalışır. Bu gedişlə millinin qapıları onun üzünə açıq olacaq.
Rahib Səmədov,
Antalya