"Yavaş-yavaş sağalıram. Artıq 3 ay geridə qaldı. Həkimlər buna müalicəmin ilkin mərhələsi kimi baxırdılar. Hazırda özümü yaxşı hiss edirəm. Qaçmağa başlamışam, bir müddət sonra topla çalışamalara da başlamaq olar. Yaxınlarda Almaniyaya yollanacağam və belə demək olarsa, tam sağalmağa doğru istiqamət götürəcəyəm".
Bunu Olimpnews.az saytına açıqlamasında "Qarabağ" klubunun və Azərbaycan milli komandasının futbolçusu Bədavi Hüseynov deyib. 27 yaşlı müdafiəçi yaşıl meydanlara qayıdışı martın sonu, aprelin əvvəllərinədək çəkəcəyini bildirib. Lakin o, martın 27-də Azərbaycan və Makedoniya yığmaları arasında Türkiyənin Antalya şəhərində təşkil olunacaq yoldaşlıq görüşünə yetişməsinin sual altında olduğunu vurğulayıb: "Tələsmək istəmirəm. Orada oyuna çıxıb zədəni daha da çətinləşdirə bilərəm. Ona görə də risk etməyək. Premyer Liqada mövsümün sonuna qədər bir-iki oyunda çıxış edə bilsəm, yaxşı olar. Əsas gücümü yay ayına saxlayıram. Avrokuboklar və ən əsası, yığmaya Millətlər Liqasında tam gücümlə xeyir vermək istəyirəm. Tələsib, o imkanı da qaçıra bilərəm".
Qeyd edək ki, Bədavi Hüseynov 2017-ci ilin oktyabrın 18-də Bakıda "Qarabağ"la İspaniya "Atletiko"su arasında keçirilmiş Çempionlar Liqasının qrup mərhələsinin III tur matçında zədələnib.
Rahib Səmədov,
Antalya