Qurban Qurbanov hər iki komandaya qol vurub
Azərbaycan milli komandasının yoldaşlıq görüşü üçün daha iki rəqibi müəyyənləşib. Olimpnews.az saytının məlumatına görə, yığmamız gələn ay Belarus millisi, iyun ayında isə Latviya yığması ilə qarşılaşacaq.
Martın 27-də Antalyada Makedoniya millisi ilə qarşılaşacaq Qurban Qurbanovun yetirmələri bundan 4 gün əvvəl belarusluları qəbul edəcək. Bakı Olimpiya Stadionunda təşkil olunacaq görüş Qurban Qurbanovun doğma azarkeşlər önündə ilk sınağı olacaq. Azərbaycan - Belarus qarşılaşmasının start fiti martın 23-də saat 20:00-da səslənəcək.
Bu, rəqiblə 3-cü oyunumuz olacaq. Tərəflərin ilk matçı 22 il əvvəl keçirilib. 1996-cı il mayın 27-də Azərbaycan Molodeçnoda meydan sahiblərinin qonağı olub. Görüş 2:2 hesabı ilə başa çatıb. Bütün qolların ikinci hissədə vurulduğu qarşılaşmada belaruslular 2 dəfə hesabda önə keçsələr də, millimiz hər dəfə hesabı bərabərləşdirib. Komandamızın ilk qolunu isə oyunun 53-cü dəqiqəsində Qurban Qurbanov vurub. Hazırda millimizin baş məşqçisi olan mütəxəssis yığmada özünün ilk səfər qolunu vurub. Bunadək yığmada 3 dəfə fərqlənən hücumçu bütün qolları neytral meydanlarda vursa da, rəqib azarkeşləri önündə ilk uğuruna Molodeçnoda imza atıb. Millimizin heyətində ikinci qolu isə Ruslan İdiqov vurub. Bu, milliləşən legionerin yığmadakı yeganə qoludur.
2001-ci il fevralın 26-da isə Azərbaycan və Belarus komandaları Bolqarıstanda görüşüblər. Albena toplanışına təsadüf edən matçda cəmi 1 qol vurulub. Matçın 9-cu dəqiqəsinə təsadüf edən erkən qol millimizə qələbə qazandırıb. Bu qolun müəllifi isə Zaur Tağızadə olub.
Qurban Qurbanovun yetirmələri Latviya millisi ilə iyunun 9-da üz-üzə gələcəklər. Yığmamız bu oyunu səfərdə keçirəcək. Qarşılaşmanın keçiriləcəyi stadion və başlanma vaxtı hələlik dəqiqləşməyib.
Latviya yığması həm komandamız, həm də baş məşqçi Qurban Qurbanova tanış rəqibdir. Bu, komandaların 4-cü qarşılaşması olacaq.
Rəqiblərin bütün matçları Riqada keçirilib. Maraqlıdır ki, bütün oyunlar heç-heçə nəticələnib. 21 il əvvələ təsadüf edən ilk matç qolsuz heç-heçə ilə başa çatıb. 5 il sonrakı qarşılaşmada da hesab açılmayıb.
Azərbaycan Latviya yığmalarının oyunlarında qolsuzluq yalnız 2004-cü ildə pozulub. 4 qolun vurulduğu həmin matç 2:2 hesabı ilə nəticələnib. 14 il öncəki matç rəqiblərin son qarşılaşması olub.
Meydan sahiblərinin hesabı açdığı görüşdə Emin Quliyev bərabərlik qoluna imza atıb. Oyunun 75-ci dəqiqəsində isə Qurban Qurbanov penaltidən yığmamızı önə keçirib. Komandamız üstünlüyünü qoruya bilməsə də, həmin qol tarixə düşüb. Belə ki, Azərbaycan millisinin indiki baş məşqçisi olan Qurban Qurbanov futbolçu kimi yığmada son qolunu məhz həmin oyunda vurub. Komandamızın tarixində ən yaxşı bombardir olan keçmiş hücumçu 14-cü - sonuncu qolunu Riqada vurub. Maraqlıdır ki, ilk top da Emin üçün yığmadakı son qol olub.