21 yaşınadək futbolçulardan ibarət Azərbaycan yığması yanvarın 9-dan 27-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçirdi. Olimpnews.az saytının məlumatına görə, Rəşad Sadıqovun rəhbərliyi altında ilk dəfə hazırlıq keçən U-21 bir neçə yoldaşlıq oyununda qüvvəsini sınadı. Təlim-məşq toplanışı başa çatandan sonra Rəşad Sadıqov "Olimpiya dünyası” qəzetinə müsahibə verdi. Baş məşqçi Antalyada verdiyi müsahibədə komandanın son hazırlıqlarından, seleksiya işlərindən danışdı.
- Başçılıq etdiyiniz U-21 yığmasının Antalyadakı təlim-məşq toplanışını necə dəyərləndirirsiniz?
- Maraqlı toplanış alındı. Heyətdə yeni futbolçular var idi. İmkan olduqca hər birinə yığma formasını geyinməyə şans verdik. Düşünürəm ki, bu, bəzi futbolçuların haqları idi. Heyətdəki bir neçə futbolçunun mövqelərini dəyişdik, debüt edənlər oldu. Futbolçularla söhbətimiz, taktiki məşqlərimiz reallaşdı. Toplanışı qənaətbəxş hesab edirəm. Məndən olsa, onlarla uzunmüddətli bir yerdə olmaq istərdim. Təəssüf ki, buna imkanımız yoxdur. Yığma klubdan fərqlənir. Bəzi şeylərin yaxşı alınması üçün təkrarlar lazımdır. Buna isə yetərincə vaxtımız yoxdur.
- Çatışmazlıqlar daha çox hansı cəhətdəndir: taktiki, fiziki, yoxsa uyğunlaşma baxımından?
- Hər cəhətdən problemlərimiz var. Bu, tək onların deyil, Azərbaycan futbolunun problemidir. Başda mən olmaqla, çatışmayan cəhətlərimiz çoxdur. Bu qrup çox tənqid olunub. Amma bununla qəti razı deyiləm. İstər klub, istərsə də yığma səviyyəsində çatışmazlıqlarımız olub. Toplanışda bütün məqamlara toxunduq. Düzdür, futbolçuları fiziki cəhətdən çox yükləmədik. Klub məşqçilərinə də bildirmişəm ki, onlar özləri fiziki baxımdan yükləmələr aparsınlar. Futbolçuların yükləmə altında oynamalarını istəmirəm. Taktiki və psixoloji məqamın üzərində daha çox dayandım.
- Öz fəlsəfənizi futbolçulara aşılaya bildinizmi?
- Mənim istədiyim Qurban Qurbanovun oyun fəlsəfəsidir. Onlar mənim yanımda keçici müddət olacaqlar. 1-2 il, kimisi isə 4 və ya 5 ay. Özüm U-21 millisində cəmi 4 ay olmuşam.
- Növbəti toplanış nə vaxta planlaşdırılıb?
- Toplanış Kosovo və İrlandiya yığmaları ilə seçmə mərhələ öncəsi olacaq. Məcburuq ki, futbolçuların bizim sərəncamımızda olmaları üçün rəsmi oyunları gözləyək.
- Bəs seleksiya işini necə aparacaqsınız?
- Bacardıqca oyunları izləyəcəm. Biz daha çox "İnstat” proqramı ilə işləyirik. Legionerlərin oyununa canlı baxmaq olmur. Çox gözəl proqramdır, bütün futbolçuların çıxışlarının görüntülərinə baxmışam. Bir futbolçunun 90 dəqiqə ərzində nə etdiyini görmək mümkündür. Futbolçuların özlərinə də demişəm ki, oyunda yoxamsa, bu, sizi görməməyim demək deyil. Çox sayda futbolçular var, seçim etmək asan olmayacaq. Yığmaya 30-40 nəfər namizəd var. Legionerləri də nəzərə alsaq, Ozan Can Kökçü, Barış Ekincier, Fərid Nəbiyev, Ziya Əzizov və ya digərlərini izləyirəm. Son siyahını seçərkən yanlışlığa yol verməməyə çalışacağıq. Təbii ki, səhvin olmaması mümkün deyil. Bu da mənim baxışlarımdan irəli gələcək. Ola bilər, kiminsə fəlsəfəsi fərqlidir. Kimsə milliyə dəvət almayıbsa, bu, o demək deyil ki, yığmaya layiq deyil.
- Millidən imtina edən Ozan Can Kökçüyə yenidən dəvət göndərilməsi birmənalı qarşılanmadı. Bu məsələyə aydınlıq gətirərdiniz...
- Çox istərdim bu açıqlamamda bütün mətbuat nümayəndələri iştirak etsin. Ozan Canla bağlı məsələni çox araşdırdım. Məni tanıyanlar bilir ki, kimsə milli komandamıza hörmətsizlik edərsə, doğma qardaşım da olsa, ona burada yer olmayacaq. Nə səviyyədə futbolçu olursa olsun. Bu məsələni 10-15 gün araşdırdım. Onun meneceri mənimlə birbaşa əlaqə saxladı. O da durumu bir daha mənə anlatdı. Ozan Canın fikirlərini, məsələnin necə olduğunu bir daha çatdırdı. Özüm də araşdırma apardım və gördüm ki, futbolçu ilə millimiz arasında elə də böyük problem olmayıb. Milliləşdirilmiş, lakin sonradan dəvət göndərdiyimiz futbolçunun yığmadan imtina etməsi mümkündür. Futbolçu bunu Avropada legioner sayılmamaq üçün edə bilər. Bu tip amillər var ki, biz onları qınaya bilmərik. Məsələn, futbolçu Azərbaycan vətəndaşlığından imtina edir ki, Rusiyada legioner hesab edilməsin. Buna normal baxıram. Başqa səbəblər olubsa, kimsə təhqir, hörmətsizlik edibsə, həmin adama millidə yer yoxdur. Yığmanın toplanışında bütün futbolçuları yaxından izləmək istəyirdim. Ozan Kökçü ilə yaxından görüşmək və bu məsələləri bir də üzbəüz danışmaq istəyirdim. Təəssüf ki, toplanışa gələ bilmədi, klubu icazə vermədi. Rəsmi oyunları var idi deyə, üstlərinə çox gedə bilmədik. Nümayəndəsi ilə danışanda da bildirdi ki, onun Azərbaycan millisinə qayıtmaq istəyi böyükdür. Bəzi məqamlar olub ki, oynamaya-oynamaya günahkar hesab edilib. Onunla üzbəüz görüşmək istəyirəm. Təklif olsa da, özü ilə telefonla danışmadım. Dedim ki, gələr toplanışda danışarıq. Kim olur olsun, hörmətsizlik görsəm, o adam yığmada olamayacaq. Söhbət təkcə Ozan Candan getmir. Mənə qədər bəzi futbolçuların elə problemləri olmuşdu ki, fikrimcə, Ozan Canın məsələsindən daha qəbahətlidir. Mən bütün futbolçulara şans verdim, onlarla yenidən danışmaq istədim. Məqsədim onları Azərbaycan futboluna qazandırmaqdır.

- İndiki durumda yığmanın bu futbolçulara ehtiyacı var?
- İstər milli, istər klub səviyyəsində olsun, neçə ildir, futbolun içindəyəm. Futbolçularımızın o qədər yanlış addımları olub ki, Ozan Canın etdiyi onların yanında elə də böyük məsələ deyil. Messinin özü də millidən imtina edib. Bu gün Argentinanın qəhrəmanı emosional şəkildə millidən imtina edirsə, Arda Turan bu addımı atırsa... Futbolda belə şeylər olur. Amma olmamalıdır. Buna bəraət qazandırmıram. Ozan Canın özünə də çatdırdım ki, düz etməyib, səhvə yol verib. Açıqlamaları xoşuma gəlmədi. Amma sonra daha bir açıqlaması oldu, gördüm ki, peşmançılıq var. Bundan sonra qənaətə gəldim ki, ona şans verim. Bir də onunla üzbəüz danışım. Qarşıdakı toplanışlarda baxacağam. Növbəti toplanışa çağırıla da bilər, çağırılmaya da. İlk fürsətimdə onunla bu söhbəti tamamlayacağam. Legionerlərdən maksimum vətənpərvərlik gözləməməliyik. Bu, mümkün olan şey deyil. Heç legioner dəvət etməyək, mən razı. Yenə deyirəm ki, çox güclüdürsə, sabah bizim futbolçularımız ona baxıb nəsə öyrənəcəksə, elə legionerləri dəvət etmək lazımdır. Çox yox, 3-4 nəfər layiq olanları. Bu gün Fransa, Almaniya, İngiltərə yığmalarına baxırıq, heyətlərində fərqli millətlərdən futbolçular var. Legioner söhbəti yox dərəcəsindədir.
- Ancaq orada vəziyyət fərqlidir. Məsələn Almaniya yığmasında çıxış edənlər orada yaşayan mühacir ailələrinin övladlarıdır. Biz isə kənardan futbolçu gətiririk...
- Sizin dediyinizdə də həqiqət var. O demək deyil ki, bu gün belədir, belə də olacaq. Əgər bir şey düz deyilsə, onu iki və ya üçüncü dəfə etməyəcəyik. Səhv edib, sona qədər israr edən insan deyiləm. Bu günə qədər səhvlərim olub, bundan sonra da olacaq.
- Almaniyanın "Ayntraxt” klubunda intizamsızlığa görə əsas komandadan uzaqlaşdırılan Renat Dadaşovun sizin toplanışdan kənarda qalması bu amillə bağlıdır?
- Düzü, ona təklif göndərməmişdim.
- Həmin futbolçunu hazır saymırsınız?
- Hazır saymaq məsələsi deyil. O özünü daha çox əsas yığmada görür. İstəmirəm ki, mənim olduğum yerə hansısa futbolçu istəksiz gələ və ya "yox” deyə. Ümid edirəm ki, o, gələcəkdə əsas yığmada möhkəmlənəcək. Onu U-21-in üzvü kimi görmürəm. Renat Dadaşovla bağlı başımda qarışıq fikirlər var. Sabah özü də bildirsə ki, böyük həvəslə U-21-də gəlib oynayaram, onda bu haqda fikirləşmək olar. O, bura əsas yığma üzvü kimi gəlib. Hiss edirəm ki, onda bu cür fikir var. Ramil Şeydayev, Mahir Mədətovla danışdım, gördüm, ikisi də gəlməyə razıdırlar və məşqlərdə böyük həvəslə çalışdılar. Nəsə alındı ya yox, bunlar önəmli deyil. Əsas odur ki, onlarda bu istəyi gördüm. Kimliyindən asılı olmayaraq, istək gördüyüm futbolçuya təklif göndərəcəyəm.
- Milli komandanın Moldova yığması ilə oyununu izlədiniz. Bu barədə nə deyə bilərsiniz?
- Komandamız Qurban Qurbanovun rəhbərliyi altında ilk oyununu keçirdi. Legionerlərimiz iştirak etmirdi. Fikrimcə, birinci oyuna görə pis alınmadı. Futbolçularımızın Qurban müəllimə, onun isə oyunçulara uyğunlaşması üçün vaxt lazımdır. Çox istərdim ki, Millətlər Liqası başlayanda futbolçular uyğunlaşma mərhələsini adlasınlar. İkinci hissə daha çox xoşuma gəldi. Futbolçular üzərlərindəki həyəcanı atdılar. Onlar ilk hissədə həyəcanlı idilər. Lakin fasilədən sonra daha inamlı və kəskin oynamağa başladılar. Sadəcə olaraq, Moldova millisi müdafiəyə daha çox diqqət ayırmışdı. Bizdən səhv gözləyirdilər və bütün oyunu da bizim səhvlərimiz üzərində qurmuşdular. Ən çox xoşuma gələn futbolçularımızın meydanda nizam-intizamlı olması idilər. Hamı çalışırdı ki, tam formada olmasa belə, bacardığını etsin. Qol vurmağa, qələbə qazanmağa çalışırdılar.
- Ruslan Abışov sizin mövqeyinizdə çıxış etdi və yaxşı təsir bağışladı. Onu öz mövqeyinizdə görürsünüzmü?
- Mənim yox, Ruslanın millidə öz yeri var. O, meydanda ən yaxşılardan idi. İnanıram ki, gələcəkdə də millinin müdafiə mövqeyində problem olmayacaq.
- "Qarabağ” klubunda durum necədir? Məşqçi olmaq çətin deyil ki?
- Qurban müəllim "Qarabağ”a qayıdanda çox sevindim (gülür). Baş məşqçi deyildim, iki-üç günlük əvəzləyici vəzifəsini yerinə yetirirdim. Elə də böyük işimiz olmadı. Dərindən nəfəs aldım, çünki məsuliyyətli idi. Yerlilərlə legionerlər tam fərqlidir. Çalışırsan ki, futbolçulara bir az başqa cür yanaşasan. Legionerlər bir az həssas olur, xüsusi diqqəti sevirlər. İstər klub olsun, istərsə də milli. Özüm də legioner olanda xüsusi diqqət istəmişəm. Futbolçu diqqət görməyəndə soyuyur, inciyir.
- "Bursaspor”dan dəvət aldığı bildirilən Riçard Almeydada inciklik yoxdur ki?
- İnciklik yoxdur. Almeyda təcrübəli futbolçudur. Bilir ki, "Qarabağ” ona, o da "Qarabağ”a nələr verib. Çempionlar Liqasının qrup mərhələsində çıxış edirsənsə, futbolçularına dəvət olacağına hazır olmalısan. Bu, normal bir şeydir. Dino Ndlovu ilə də bu cür baş verdi. Bu gün Almeydaya da, başqa futbolçularımıza da təkliflər var.
Rahib Səmədov,
Bakı-Antalya-Bakı