Ronaldinyo milyonlarla futbol azarkeşi tərəfindən sevilir. Olimpnews.az saytının məlumatına görə, hansı komandanın azarkeşi olmağınızdan asılı olmayaraq, Ronaldinyoya nifrət etməyəcəksiniz. Lakin "Qremio”nun azarkeşləri onu sevmir, onu görmək istəmir. Bəs görəsən, bunun səbəbi nədir?
Futbol karyerasına Brazilyanın "Qremio” komandasında başlayan Ronaldinyonun gələcəkdə bacarıqlı bir futbolçu olacağı gözlənilən idi. Futbolçunu əlində saxlamaq istəyən "Qremio” yetişdirdiyi futbolçudan ciddi pul qazanmaq fikrində idi.
Futbolçu Avropa komandaları ilə görüşməyə başladı. 2001-ci ilin fevral ayında onun "Qremio” ilə müqaviləsi başa çatırdı. Hamı bu müqavilənin artırılacağını düşündüyü halda o gözlənilmədən PSJ ilə razılığa gəldi.
"Qremio”rəhbərliyi uzun sürən mübarizədən sonra bu transferə görə Fransa klubundan 5 milyon dollar aldı. Amma həmin ərəfədə Ronaldinyonun dəyəri ən azı 20 milyon dollar idi. "Sambaçı”nın bu keçidi "Qremio”nun azarkeşləri tərəfindən xəyanət kimi qəbul edildi. Hətta futbolçu "Barselona” klubunda müvəfəqiyyət əldə edərkən onu alqışlamadılar. 2010-cu ildə Milandan ayrılan Ronaldinyo mətbuata "Qremio”ya geri qayıtmaq istədiyini bildirmişdi. Keçmişi geridə qoyan "Qremio”nun azarkeşləri bu açıqlamadan sonra Ronaldinyonu yenidən komandada görmək istəyirdilər. Lakin futbolçu "Atletiko Mineiro” ilə müqavilə imzaladı. Özlərini aldadılmış hiss edən "azarkeşlər onun müqavilə bağladığı klubun adından istifadə etdiyini düşünürdülər. Bu iki hadisədən sonra "Qremio”nun azarkeşləri bu günə kimi futbolçuya nifrətlərini gizlətmirlər.
Əliyə İlyasova