Liderlərdən çətin qələbə

Liderlərdən çətin qələbə

Topaz Premyer Liqasında XVI tura yekun vurulub. Olimpnews.az saytının məlumatına görə, iki gün ərzində keçirilən turda liderlər - "Qarabağ”la "Qəbələ” klubları çətin qələbə qazanıblar.

İlk oyun günü avrokuboklar uğrunda mübarizə aparan komandalar bir-biriləri ilə üz-üzə gəliblər. İlk olaraq 2-ci, daha sonra isə 4-cü yerə iddia edən klublar qarşılaşıblar.

Qəbələdə yerli komanda "Zirə” klubunu qəbul edib. Roman Qriqorçukun yetirmələri cari mövsüm məğlub edə bilmədiyi rəqibin nəhayət məyus etməyi bacarıb. Bu, o qədər də asan olmayıb. Əvvəlcə qonaqlar hesabı açsalar da, sonradan özünə gələn "Qəbələ” iki qol vuraraq qələbə qazanıb. İzləyicisindən uzaqlaşan "qırmızı-qaralar” ikinci pillədəki yerini möhkəmləndiriblər.

"Sumqayıt” doğma azarkeşlər önündə "Neftçi” klubu ilə münasibətlərinə aydınlıq gətirib. Ölkənin ən titullu klubu səfərdən məğlub dönüb. "Kimyaçılar” ilk hissədə vurduğu iki qolla 3 xal qazanıblar. "Ağ-qaralar” isə avrokuboklar üçün lazım olan 4-cü pillədən bir az da uzaqlaşıb.

İkinci oyun günündə autsayderlər - "Keşlə” ilə "Kəpəz” klubları qarşılaşıblar. Mövsümün ilk yarısında iki dəfə Bakıda üz-üzə gələn komandalar bu dəfə Gəncədə qarşılaşıblar. Qərblilər 5 matçlıq məğlubiyyət seriyasına son qoymağa çalışsalar da, bunu reallaşdıra bilməyiblər. Yuri Maksimovun baş məşqçiliyi dövründə ilk dəfə səfərə çıxan paytaxt klubu Gəncədə 3 xal qazanıb. Nəticədə, "Kəpəz”in məğlubiyyət seriyası 6 oyuna çatıb.

Günün ikinci görüşündə "Səbail” lider "Qarabağ”ı qəbul edib. Rəqibi ilə əvvəlki oyunlarda həm qola, həm xala həsrət qalan Samir Əliyevin yetirmələri yenə meydanı xalsız tərk ediblər. Son üç matçda qol buraxmayan Qurban Qurbanovun yetirmələri isə uğurlu seriyanı bu görüşdə də davam etdiriblər. Gəncədə olduğu kimi, Bayılda da qələbə qazanan tərəf qonaqlar olub. "Qarabağ” da 3 xalı bir qolla əldə edib. Ağdam təmsilçisinin heyətində Mahir Mədətov fərqlənib.

Topaz Premyer Liqası
XVI tur
17 fevral
"Sumqayıt” - "Neftçi” - 2:0
Qollar: Tural Axundov, 13 (pen.), Amil Yunanov, 17.

"Qəbələ” - "Zirə” - 2:1
Qollar: Stiven Monroz, 55; Baqali Dabo, 64 - Aleksandr Dedov, 39.

18 fevral
"Səbail” - "Qarabağ” - 0:1
Qol: Mahir Mədətov, 51.

"Kəpəz” - "Keşlə” - 0:1
Qol: Fuad Bayramov, 51.