Ötən həftə "Sumqayıt” evdə "Neftçi” klubu ilə qarşılaşdı. Olimpnews.az saytının məlumatına görə, matç meydan sahiblərini qələbəsi ilə başa çatdı. Qollardan birinin müəllifi olan Amil Yunanov matçdan sonra "Olimpiya dünyası” qəzetinə müsahibə verdi.
- Oyun gözlədiyiniz kimi keçdi?
- Çətin oyun idi, amma matça yaxşı hazırlaşmışdıq. "Neftçi” turnir cədvəlində bizə yaxın pillələrdə qərarlaşıb. Sevinirik ki, qələbə qazandıq.
- İlk hissədə "Sumqayıt” klubu üstün olsa da, fasilədən sonra vəziyyət bir az dəyişdi. Bu nə ilə bağlı idi?
- Oyunun gedişatı bu şəraiti yaratdı. Hesabda öndə olan komanda müdafiəni də düşünməlidir.
- Hətta rəqib azlıqda qalanda da, sizdən daha üstün oynayırdı...
- Əslində, "Neftçi” 10 nəfərlə oynasa da, güclü rəqibdir. Bu komandaya qarşı oynamaq həmişə çətindir. Taktikalarmızdan biri də əks-hücumlarda çıxış etməkdir. Əsas məqsədimiz qol buraxmamaq idi. İki qol vurduq və hesabı sonadək qoruya bildik.
- Rəşad Sadiqov deyir ki, penalti haqsız qərardır, siz həmin epizodu gördünüz?
- Mən həmin epizoda uzaq idim. Dəqiq nəsə deyə bilmərəm. Təkrara baxmamışam.
- Ən yaxın izləyiciniz "Neftçi” klubu ilə xal fərqiniz artdı. 4-cü yer üçün rahat oynaya bilərsiniz?
- Elə deməzdim. Komandaların xalı bir-birinə çox yaxındır. 1-2 oyunda xal itkisi rəqiblərin yerini dəyişməyə kifayət edir.
- Çempionatda qollar vurmağa davam edirsiniz. Yığma ilə bağlı nə deyə bilərsiniz?
- Əgər dəvət gəlsə, canla-başla yığmaya gedərəm. Amma bu barədə çox danışmaq istəmirəm.
- Baqali Dabonun aktivində 10, sizdə isə 6 qol var. Bombardir olmağa iddianız var?
- İddia çempionat başlamamışdan əvvəl olur. Bombardir olanda özünəinam artır. Hələ çempionat davam edir. Hər şey qabaqdadır. Əlbəttə, çempionatın bombardiri olmaq istəyirəm.