"Sumqayıt” isə növbəti qələbəsini qazandı
Topaz Premyer Liqasında XVII tura yekun vurulub. Olimpnews.az saytının məlumatına görə, turun bütün görüşləri Bakıda təşkil olunub. Lider "Qarabağ” çətinliklə qələbə qazansa da, ikinci pillədəki "Qəbələ” vacib 3 xal itirib.
İlk oyun günü iki matç keçirilib. "Səbail” evdə "Qəbələ” klubu ilə münasibətlərinə aydınlıq gətirib. 6 oyundur uduzmayan qonaqlar liderlə xal fərqini azaltmaq üçün debütantla matçı itkisiz başa vurmaq istəyirdi. Bu mövsüm tərəflər arasında təşkil olunan hər iki matç 3:1 hesabı ilə Qəbələ təmsilçisinin xeyrinə başa çatmışdı. Roman Qriqorçukun yetirmələrinin bu dəfə qələbə arzusu reallaşmayıb. "Səbail” gözlənilmədən "Qəbələ”yə qalib gələrək, rəqibinə çempionluq yolunda ciddi zərbə vurub.
"Neftçi” doğma azarkeşlər önündə "Zirə” klubunu sınağa çəkib. Avrokuboklara iddialıların paytaxt derbisinə hər iki komanda ötən turun məğlubiyyətini unutdurmaq üçün çıxmışdı. Zirəlilər "Qəbələ”nin məğlubiyyətindən yararlana bilməyiblər. Son dəqiqələri azlıqda keçirən "Zirə” meydandan 1 xalla ayrılmağa nail olub. Tərəflər hərəyə bir dəfə fərqləniblər. 9 oyundur meydanı qolsuz tərk etməyən "Zirə” yenə bu seriyanı davam etdirib.
Son oyun günü digər iki matç təşkil olunub. "Keşlə” ilə "Sumqayıt” klubları "İnter Arena”da qarqılaşıblar. Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Tura liderin oyunu ilə yekun vurulub. Ardıcıl 5-ci çempionluq üçün mübarizə aparan "Qarabağ” evdə "Kəpəz” klubunu sınağa çəkib. 6 matçdır xala həsrət qalan qərblilərin uğursuz seriyası bu dəfə də davam edib. "Qarabağ” matçın sonuna 5 dəqiqə qalmış vurduğu qolla növbəti 3 xalı qazanıb.
Beləliklə, Ağdam təmsilçisi qələbə qazanaraq ən yaxın izləyicisi "Qəbələ”ni 9 xal qabaqlayır.
Topaz Premyer Liqası
XVII tur
24 fevral
"Səbail” - "Qəbələ” - 2:1
Qollar: Vitali Vernidub, 25 (öz qapısına); Fəhmin Muradbəyli, 56 - Baqali Dabo, 68.
"Neftçi” - "Zirə” - 1:1
Qollar: İqnasio Errera, 22 - Evans Uilyams, 30.
25 fevral
"Keşlə” - "Sumqayıt” - 1:2
Qollar: Rail Məlikov, 12 (öz qapısına) - Tural Axundov, 3 (pen.), Rəşad Eyyubov, 90.
"Qarabağ” - "Kəpəz” - 1:0
Qol: Mahir Mədətov, 85.