İlk "3-lük”də olan klublar xal itkisi ilə üzləşiblər
Ötən həftə Topaz Premyer Liqasında XVIII tura yekun vurulub. Olimpnews.az saytının məlumatına görə, turnir cədvəlinin ilk "3-lüy”ündə qərarlaşan komandalar xal itkisi ilə üzləşiblər. Lider "Qarabağ” heç-heçə etsə də, "Qəbələ” və "Zirə” klubları evdə məğlub olublar.
Topaz Premyer Liqası
XVIII tur
3 mart (şənbə)
"Kəpəz” - "Səbail” - 2:1
Qollar: Dario Federiko, 23 (pen.), Tərzin Cahangirov, 49 - Yevgeni Koçuk, 30.
Gəncə. Şəhər stadionu.
Tura Gəncədə start verilib. Turnir cədvəlinin aşağı pillələrində qərarlaşan "Kəpəz”lə "Səbail” klubları xal hesabını artırmaq üçün mübarizə aparıblar. Ardıcıl 7 turdur məğlub olan qərblilər Yunis Hüseynovun rəhbərliyi altında ilk xalını və qələbəsini qazanıb. Hesabı meydan sahibləri açıblar. Oyunun 23-cü dəqiqəsində Dario Federiko penaltidən fərqlənib. Qoldan 7 dəqiqə sonra qonaqlar hesabı bərabərləşdiriblər. Buna baxmayaraq, gəncəlilər qələbə qolunu vurmağı bacarıblar. Tərzin Cahangirov meydan sahiblərinin qələbə qolunun müəllifi olub - 2:1.
2018-ci ilin rekordu "Kəpəz”in iki uğursuz seriyanı qırması ilə üst-üstə düşüb. Gəncə təmsilçisi ardıcıl 7 məğlubiyyətdən sonra həm xal, həm qələbə həsrətinə son qoyub. Qərblilər sonuncu dəfə 126 gün əvvəl - oktyabrın 28-də keçirilən X turun "İnter”lə səfər oyununda qalib gəlmişdi (2:0).
Yeri gəlmişkən, mövsümün ikinci yarısının yeni rekordu qeydə alınıb. Gəncədə keçirilən matçı 5332 tamaşaçı izləyib. Bu göstərici 2018-ci il üçün ən yüksək rəqəmdir. Bunadək təşkil olunan üç turda ən yaxşı halda 2000 tamaşaçı qeydə alınmışdı. Buna XV turun "Neftçi” - "Kəpəz” və XVII turun "Keşlə” - "Sumqayıt” matçlarında təsadüf olunmuşdu. Qeyd edək ki, mövsümün rekordu isə XI turun "Kəpəz” - "Qarabağ” matçına məxsusdur - 13300 tamaşaçı.
"Sumqayıt” - "Qarabağ” - 1:1
Qollar: Amil Yunanov, 50 - Pedro, 75.
Sumqayıt. Şəhər stadionu.
İlk oyun gününə Sumqayıtda yekun vurulub. Yerli komanda çempionatın lideri "Qarabağ” klubu ilə münasibətlərinə aydınlıq gətirib. Kubokda rəqibini mübarizədən kənarlaşdıran Samir Abasovun yetirmələri uğurun təsadüf olmadığını təsdiqləməyi bacarıblar. İlk hissədə tərəflərin səyinə baxmayaraq, hesab açılmayıb. Fasilədən sonra hərəyə 1 dəfə fərqlənən tərəflər meydanı 1 xalla tərk ediblər. "Sumqayıt”ın tarixində ən məhsuldar futbolçu olan Amil Yunanov yubiley qoluna imza atıb. Matçda hesabı açan Amil "Sumqayıt”ın heyətində 65-ci matçda 25-ci dəfə fərqlənib. Futbolçu 2015/16-cı illər mövsümündə 12, 2016/17-ci illər mövsümündə 6, cari çempionatda isə 8 dəfə qol sevinci yaşayıb.
4 mart (bazar)
"Qəbələ” - "Neftçi” - 1:2
Qollar: Elvin Məmmədov, 33 - Mirabdulla Abbasov, 57; İqnasio Errera, 73.
Qırmızı vərəqə: Yusif Nəbiyev, 83.
Qəbələ. Şəhər stadionu.
Son oyun günü turun daha iki matçı keçirilib. "Qəbələ” doğma azarkeşlər önündə "Neftçi” klubunu sınağa çəkib. "Qarabağ”ın bir gün əvvəl büdrəməsi Qəbələ təmsilçisinə liderə bir qədər yaxınlaşmaq imkanı yaratmışdı. Bunun üçün Roman Qriqorçukun yetirmələri mövsümdə 3-cü dəfə rəqibini məğlub etməli idi. Lakin "qırmızı-qaralar” nəinki qələbə qazanıb, hətta məğlub olaraq, 2-ci yeri itirmək təhlükəsi ilə üzləşiblər. Son iki görüşdə qalib gələ bilməyən Tərlan Əhmədovun yetirmələri həm bu uğursuz seriyaya son qoyub, həm də ilk "dördlüy”ə bir qədər yaxınlaşıb.
"Zirə” - "Keşlə” - 1:2
Qollar: Elşən Abdullayev, 28 - Tərlan Quliyev, 13; Slavik Alxasov, 73.
Bakı. Zirə İdman Kompleksinin stadionu.
Tura paytaxt derbisi ilə yekun vurulub. Bakıda keçirilən yeganə qarşılaşmada "Zirə” "Keşlə” klubunu qəbul edib. "Qəbələ”nin büdrəməsi "Zirə”yə ikinci yerdəki rəqibi ilə xal fərqini azaltmaq şansı yaratmışdı. Lakin 2018-ci ildə qələbə qazanmayan Ayxan Abbasovun yetirmələri uğursuz seriyanı davam etdiriblər. "Zirə” ardıcıl 11-ci görüşdə meydanı qolsuz tərk etməsə də, məğlubiyyətlə barışmalı olub.