Ciao Capitano...

Ciao Capitano...

Ani futbolçu ölümlərində növbəti sıra
Davide Astorinindir...

Futbol çoxları üçün hədəflərin qovuşduğu nöqtədir. Yuvarlaq olan top əslində onlar üçün həyatın özü deməkdir. Bütöv ömrün həsr edildiyi futbol meydanları son nəfəsə qədər ayrılmaz hissəyə çevrilir. Bəzən isə zamansız-vədəsiz nəfəs verdikləri yerə... 1889-cu ildə hələ futbolun futbol olmadığı illərdən birində ingiltərəli Uilyam Kropperlə başlanan ani futbolçu ölümləri sırasında növbəti pillə Davide Astorinin payına düşdü.

Daim çılğınlığı, alovlu kalço - yəni futbol sevgisi ilə seçilən Appenin yarımadasında Astori ən həzin, sakit, həlim olanlardan idi. Lap Vivaldinin "4 mövsüm”ündəki yay notları kimi... Yaxud Modilyanisayağı daxilində vulkan əsən üzdə sakitlik hökm sürən rəssam kimi... Astori futbolu ilə bəlkə də çox iz buraxa bilmədi. İtaliya azarkeşləri onu yada saldıqda, daha çox Salvadoru xatırlayacaqlar. 2013-cü ildəki Konfederasiyalar kubokunda Uruqvayın penaltilər seriyasında qalib olduğu 2:2-lik matçda üstünlük topunun müəllifini, səssiz-səmirsiz Astorini. Ölümün deyirlər ayaq səsi yoxdur. Ani gəlir, ani yaxalayır, ani də aparır. Necə ki, Udinedə əsrlərin sınağından çıxmış mədəniyyət məkanı Florensiyanın bənzərsizi "Fiorentina”nın növbəti qarşılaşması üçün kapitan meydana ayaq basa bilmədən ani yaxalandı.

Məşhurların ölümü hər zaman sarsıdıcı olur. Axı onların tanımadan, üz-üzə danışmadan, xasiyyətinə bələd olmadan yüzlər, hətta min, bəlkə milyonlarla sevəni var?! Davide 2 il ümidlə gözlədiyi Milandakı taleyin silləsini bu dəfə həyatdan aldı. Dünya futbolunda siyahını uzada biləcəyimiz, yaşı 17-də başlayıb, 40-da bitən kifayət qədər ani ölümlər var. Məşqdə, meydanda...Ancaq Astori gözlərini nə meydanda yumdu, nə də məşqdə. Heç onun gözünü yumduğunu görən belə olmadı. 31 yaşın tamamında qəfil ayrılan Astoridən geriyə bir çox xatirə qalır. Meydanda geyinə bilmədiyi "Milan” futbolkası, yarımçıq qalan DÇ arzusu və 2 yaşlı qızı Vittoria...