"Red Bull Racing”in pilotu Daniel Rikkardo Formula 1 üzrə dünya çempionatının üçüncü yarışının - Çin Qran-Prisinin qalibi olub.
Aprelin 15-də pilotlar Şanxayda 5451 metrlik trasda 56 dövrə vurublar. Daniel Rikkardo 1 saat 35 dəqiqə 36,38 saniyəlik nəticə ilə aktivinə 25 xal yazdırıb. Liderdən 8,894 saniyə geri qalan Valtteri Bottas ("Mercedes”) yarışı 18 xalla ikinci pillədə yekunlaşdırıb. İlk üçlüyü liderdən 9,637 saniyə sonra finişə çatan Kimi Raykonen ("Ferrari”, 15 xal) tamamlayıb.
Pilotların yarış cədvəlinə 54 xalla Sebastian Fettel başçılıq edir. Luis Hamilton 45 xalla ikinci, Valtteri Bottas 40 xalla üçüncü pillədə qərarlaşıblar.
Konstruktorlar kubokunda isə "Mercedes” 85 xalla birinci, "Ferrari” 84 xalla ikinci, "Red Bull Racing” isə 55 xalla üçüncü pillədə yer alıb.
Çempionatın növbəti - dördüncü yarışı olan Azərbaycan Qran-Prisi aprelin 27-29-da Bakıda keçiriləcək.