Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanov millimizin Qırğızıstan yığmasını 3:0 hesabı ilə məğlub etdiyi oyunla bağlı fikirlərini bildirib: "Futbolçularımız qələbəni çox istəyirdilər. Çünki bu, rəhbərliyim altında ilk qələbə olacaqdı. Birinci hissədə həyəcan hiss olunurdu. Ancaq ikinci hissədə uğurlu əvəzləmələr də öz sözünü dedi. Bu oyunda düşündüyümüz hər epizodla qarşılaşdıq. İkinci hissədə hücuma daha çox atılmağa başladılar. İlk hissədə rəqib daha çox müdafiə olunurdu. Bu qələbə bizə çox vacib idi. Ancaq deyə bilmərik ki, optimal formadayıq. Məşqdə çox etdiyimiz hücumları gördüm. Düzdü, ilk hissədə çox alınmadı. Futbolçuların düşüncələrindən çox razı qaldım. Bizim üçün hər bir oyun vacibdi, o cümlədən qələbə. Futbolçularımı təbrik edirəm”.