Karate do növləri üzrə açıq çempionat keçirilib

Karate do növləri üzrə açıq çempionat keçirilib



Bugünlərdə Naxçıvan Muxtar Respublikasında Heydər Əliyevin 90 illik yubileyi ilə münasibəti ilə karate do növləri üzrə açıq çempionat keçirildi. Karate Do Federasiyasının təşkiltaçılığı ilə keçirilən yarışda 15-ə qədər komandanın tərkibində 200-ə yaxın idmançı mübarizə apardı. Gərgin keçən çempionatın yekunlarına əsasən, Naxçıvan Muxtar Respublikasının komandası birinci yerə layiq görüldü. Bakının "Araz” komandası ikinci pilləyə sahib çıxdı. Ordubad rayonunun karateçiləri isə üçüncü yeri tutdular.
Yarışda gümüş mükafat qazanan "Araz” komandasının üzvləri redaksiyamızın qonağı oldular. Onlar çempionatla bağlı fikirlərini bizimlə bölüşdülər. 


Siyavuş Bayramov ("Araz” idman klubunun direktoru):
- "Araz” komandası Naxçıvana 14 nəfər idmançı ilə getmişdi. Yetirmələrim bu yarışda 6 qızıl medal qazanaraq ümumi hesabda ikinci yerə layiq görüldülər. İlham Əliyev adına Naxçıvan Olimpiya Kompleksində təşkil olunan çempionatın qalibi Naxçıvan Muxtar Respublikasının komandası oldu. Yarışda iştirak üçün bizə yaratdıqları şəraitə görə, Muxtar Respublikanın Karate Do Federasiyasının prezidenti Vəli Ələsgərov və vitse-prezident Nəriman Quliyevə minnətdarlığımızı bildirirəm. Qeyd etmək istəyirəm ki, yarışdan əvvəl seminar keçirildi. Şərur şəhərində təşkil olunan seminarda 200-ə yaxın idmançı iştirak etdi. Turnirin açılış mərasimində klubumuzun üzvləri nümunəvi çıxışlar etdilər. Daha sonra yarışlara start verildi. Yetirmələrimdən Hüseyn Kərimov, Ələkbər Abdullayev, Samir Salahov, Zahid Ağaverdiyev, Turan Qulamzadə və Anar Kərimov qızıl medal qazandı. Bəzi idmançılarımız qızıl medallara layiq görülməsələr də, çox gözəl döyüşdülər. Onlardan Peyman Gülməmmədov, Akif Əsədov və Xudaverdi Məmmədzadənin adını çəkə bilərəm. İnanıram ki, bu idmançılar növbəti yarışlarda özlərini doğruldaraq qızıl medal qazanacaqlar. Yetirmələrimdən başqa, "Budokan” klubunun üzvlərinin çıxışı da mənim diqqətimi çəkdi. Bu klubun idmançılarından Mirpaşa Kərimov, İlkin Şirinov, Akif Kərimov, Cavid Mircavid, Xəzər Əliyev və Murad Ələkbərovun çıxışını xüsusi qeyd etmək istəyirəm. Ümumiyyətlə, respublikamızın hər bir bölgəsində idman inkişaf edib. Biz bunun Naxçıvan Muxtar Respublikasında olanda bir daha şahidi olduq. Burada idmançıların məşq etmələri üçün hər cür şərait yaradılıb. Məhz bunun nəticəsidir ki, atletlərimiz onlara bəslənilən ümidləri doğruldaraq ölkəmizin idman şərəfini beynəlxalq yarışlarda layiqincə qoruyurlar. "Araz” idman klubu da ölkə idmanına öz töhfələrini vermək üçün əlindən gələni əsirgəmir. Yetirmələrimiz dünya və Avropa çempionatlarında birinci yeri tutaraq bayrağımızı qaldırır, himnimizi səsləndirirlər. Şübhəsiz ki, əldə etyimiz nailiyyətlərlə kifayətlənmirik. Qarşıda bizi müxtəlif yarışlar gözləyir. Həmin turnirlərdə də yaxşı nəticə göstərmək üçün məşqlərimizi davam etdiririk.  

Xəlil Qədimov ("Araz” idman klubunun texniki direktoru):
- Yarış çox gözəl keçdi. Təşkilatçılıq bizi qane etdi. Yetirmələrimizin döyüşləri hamımızın ürəyincə oldu. Sevinirəm ki, çempionatda 14 nəfər idmançı ilə iştirak etməyimizə baxmayaraq, 6 qızıl medalla ikinci yeri tutduq. Məncə, bu, pis nəticə deyil. Qarşıda komandamızı bir sıra yarışlar gözləyir. Hesab edirəm ki, növbəti turnirlərdə uğurlarımız daha çox olacaq.

Sabir Süleyman ("Araz” idman klubunun baş məşqçisi):
- Yarış çox maraqlı oldu. İdmançılarımızın çıxışından razı qaldıq. Komandamızın üzvləri 6 qızıl medal qazandılar. Bu, bizim üçün yaxşı nəticədir. Çalışacağıq ki, növbəti illərdə daha çox medal əldə edək.