Azərbaycan idmançıları karatenin kempo və kobudo növləri üzrə dünya çempionatında uğurla çıxış ediblər. Ukraynada keçirilmiş yarışda ölkəmizi müxtəlif çəki dərəcəsində 18 idmançı təmsil edib. Çempionatda Azərbaycan idmançılarından Məhəmməd Allahverdiyev, Anar Soltanlı, Ümid Əliyev, Hacı Müşfiq, Royal Hacıyev, Elsevər Quliyev, Müşfiq Abbasov, Teymur Quliyev və Aydın Dadaşov fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Digər idmançılarımız - Orxan Səfiyev, Emil Yolçuyev, Mehman Hüseynov gümüş, Turan Teymurbəyli isə bürünc medala sahib olub.
Çempionat çərçivəsində ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş III dünya kəməri uğrunda yarış da keçirilib. Bu mübarizədə kəmərlərdən ikisini Azərbaycan idmançıları Elsevər Quliyev və Məhəmməd Allahverdiyev qazanıblar. Üçüncü kəmərə isə Ukrayna komandasının idmançısı sahib olub.
Komandamız yarışda 14 medal qazanıb. Onlardan doqquzu qızıl, dördü gümüş və biri bürünc medaldır. Bu nəticə ilə ölkəmiz ümumi komanda hesabında üçüncü yeri tutub. Ukrayna komandası birinci, Rusiya kollektivi isə ikinci yerdə qərarlaşıb.