Azərbaycan karateçisi Qürbət Məhərrəmov ölkəmizdə keçirilən beynəlxalq turnirdə mükafatçılar sırasında yer alıb. İdmançımız karatenin Olimpiya növü olan WKF versiyası üzrə "Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən Qara dəniz və Xəzəryanı ölkələr arasında beynəlxalq turnirdə gümüş medal qazanıb.
Turnirdə Azərbaycan karateçiləri ilə yanaşı, Türkiyə, İran, Gürcüstan, Rusiya və İsrail idmançıları da birincilik uğrunda mübarizə aparıblar.
600-dək karateçinin yarışdığı turnirdə Azərbaycan idmançıları uğurlu çıxışları ilə fərqləniblər. Turnirdə 84 kiloqram çəki dərəcəsində mübarizə aparan "Arpaçay” klubunun üzvü Qürbət Məhərrəmov keçirdiyi dörd görüşdə iki komanda yoldaşını, həmçinin iranlı və dağıstanlı rəqiblərini məğlub edərək finala yüksəlib. Gərgin idman mübarizəsi şəraitində keçən final görüşündə Q.Məhərrəmov gümüş medalla kifayətlənməli olub.
Yarışa Azərbaycan Milli Karate Federasiyasının beynəlxalq dərəcəli hakimi Vüqar Kərimovun rəhbərliyi ilə çıxan idmançımız Avropa və dünya çempionatının bürünc medalçısıdır. O, həmçinin ikinci Dan qara kəmər ustasıdır.