Noyabrın 5-dən 11-dək İspaniyanın paytaxtı Madriddə keçiriləcək 24-cü dünya çempionatına hazırlıqları davam etdirən karate üzrə Azərbaycan milli komandası Şamaxıya təlim-məşq toplanışına yollanıb. Yığma komandaların baş məşqçiləri Şahin Xudaverdiyev, Anar Allahverdiyev və Vahid Ayvazovun, eləcə də böyük məşqçilər Qurban Tağıyev, Rəşad Hüseynov və fiziki hazırlıq üzrə məşqçi Oqtay Məmmədovun rəhbərliyi altında təlim-məşq toplanışına 15 idmançı cəlb olunub.
Şamaxı Olimpiya İdman Kompleksində son hazırlıqlarda Firdovsi Fərzəliyev (60 kq) Tural Ağalarzadə, Rafiz Həsənov (hər ikisi 67 kq), Rafael Ağayev (75 kq), Turqut Həsənov, Pənah Abdullayev (hər ikisi 84 kq), Şahin Atamov, Asiman Qurbanlı və Murad Hacızadə (hər üçü 84 kq-dan yuxarı), Roman Heydərov (kata) və Sahib Əhədəov (para-karate) iştirak edəcəklər. Milli komandanın heyətində qızlardan Nuranə Əliyeva (50 kq), İlahə Qasımova (55 kq), Fəridə Abiyeva (61 kq) və Fəridə Əliyeva (68 kq-dan yuxarı) yer alıblar.
Karateçilərin təlim-məşq toplantısı bir həftə davam edəcək. Milli komanda noyabrın 3-də Madridə dünya çempionatına yollanacaq.