İyunun 8-9-da Gürcüstanın Tbilisi şəhərində karatenin kontakt döyüş növləri üzrə «Qafqaz kuboku» yarışı keçirilib. Yarışda 5 ölkədən 120 idmançı bacarığını nümayiş etdirib. «Qafqaz kubokunda» «Araz» İdman Klubunun 4 idmançısı qüvvəsini sınayıb. İdmançılarımızdan komandanın üzvü 9 yaşlı Ələkbər Abdullayev (30 kq) 11 yaşlıların yarışında çıxış edib. İdmançımız erməni rəqibi üzərində qələbə qazanıb. Nicat Orucov (50 kq) 17-18 yaşlı idmançıların mübarizəsində yalnız finalda abxaziya təmsilçisinə uduzaraq gümüş medal qazanıb. Turan Qulamzadə (60 kq) 18 yaşdan yuxarı idmançıların mübarizəsində ikinci olub. Samir Salahov (40 kq) 11 yaşlı idmançıların yarışında ikinci yerə layiq görülüb.
Araz İdman Klubunun direktoru Siyavuş Bayramov komandanın çıxışını qənaətbəxş hesab edir: «Komandanın çıxışından tam razı qalmadım. İdmançılarımızdan 3 qızıl medal gözləyirdim. Amma komanda üzvlərindən yalnız biri çempion tituluna yiyələndi. Ələkbər Abdullayevin erməni rəqibinə qalib gəlməsi komandaya əlavə ruh yüksəkliyi verdi». Araz İK-nın baş məşqçisi Süleyman Sabir də idmançılarımız yarışda çıxışını yüksək qiymətləndirdi. O, bundan sonrakı yarışlarda da idmançılarımızın ümidləri doğruldacaqlarına inandığını bildirdi.