“Köhnə qitə” yarışında yeni uğur

“Köhnə qitə” yarışında yeni uğur


Danimarkanın Aalborq şəhərində 14-15 yaşlı yeniyetmələr və 16-17 yaşlı gənclər arasında 46-cı, 21 yaşadək gənclər arasında isə 11-ci Avropa çempionatı başa çatıb. Yarışların son günü daha bir karateçimiz qızıl medal qazanıb. Son qitə çempionatlarında bir-birinin ardınca iki bürünc medal qazanan Murad Hacızadə (kumite +84 kiloqram, şəxsi məşqçisi Rafael Məmmədov, milli komanda məşqçisi Anar Allahverdiyev) 21 yaşadək gənclər arasında Avropa çempionu olub. Dörd görüşdə rəqibə xal verməyən M.Hacızadənin qələbəsi ümumi komanda sıralamasında geriləyən Azərbaycan karateçilərini 4-cü pilləyə yüksəldib. Yarışın əvvəlki günləri Roman Heydərov (21 yaşadək gənclər, kata), Əminağa Quliyev (16-17 yaşlı gənclər, - 61 kiloqram), Tale Yaqubov (14-15 yaşlı yeniyetmələr, kumite) qızıl medala, Hüseyn Məmmədli (14-15 yaşlı yeniyetmələr, kumite) isə bürünc medala sahib olub. Emil Güləhmədov (21 yaşadək gənclər, 84 kiloqram) bürünc medal uğrunda həlledici görüşdə, Osman Osmanlı isə yarımfinalda (14-15 yaşlı yeniyetmələr, + 70 kiloqram) hakimin qərəzli mövqeyinə görə mükafatsız qalıb. Daha bir idmançımız İsmayıl Məhəbbətli (14-15 yaşlı yeniyetmələr, kumite, - 70 kiloqram) təsəlliverici görüşlərə qatılsa da, üçüncülük şansını əldən verib. Mükafatlandırma mərasimində Azərbaycan Milli Karate Federasiyasının prezidenti və Avropa Karate Federasiyasının (EKF) idarə heyətinin üzvü Yaşar Bəşirov iştirak edib. EKF tərəfindən etimad göstərilən beynəlxalq hakim Cahangir Babayev qitə çempionatının final görüşlərini idarə edən xüsusi referilər qrupuna daxil edilib. 46-cı və 11-ci qitə çempionatına 51 ölkədən 1092 idmançı qatılıb. 34 ölkənin karateçiləri müxtəlif əyarlı mükafatlara, 14 ölkənin idmançıları isə qızıl medala sahib olublar.