Fevralın 8-dən 10-dək Danimarkanın Aalborq şəhərində yeniyetmələr və gənclər arasında karate üzrə Avropa çempionatı keçirilib. Milli komandamızın da mübarizə apardığı yarışda 51 ölkədən mindən çox idmançı tatami üzərinə çıxıb. Yarışın nəticələrinə əsasən, ölkəmizin yığması ümumi komanda hesabında 4-cü pillədə qərarlaşıb.
Milli komandanın heyətində DİN İdman Cəmiyyətinin yetirməsi Əminağa Quliyev də qələbə uğrunda qüvvəsini sınayıb. Çəkisi 61 kiloqramadək olan idmançıların yarışında ölkəmizi təmsil edən Ə.Quliyev finala gedən yolda Kosovo, Gürcüstan, Latviya və Yunanıstan idmançılarına qalib gəlib. Həlledici görüşdə Belçika karateçisi ilə qarşılaşan idmançımız rəqibinə heç bir xal vermədən qitə çempionu olub.
Ə.Quliyevi ilin sonunda daha mötəbər yarış - iki ildən bir keçirilən yeniyetmə və gənclərin karate üzrə dünya çempionatı gözləyir.