Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyi münasibətilə qız və oğlanlar arasında keçirilən karate-do üzrə Naxçıvan şəhər açıq birinciliyi başa çatıb. Yarışda Naxçıvan şəhəri ilə yanaşı, muxtar respublika rayonlarının da idmançıları iştirak ediblər. Tədbirdə çıxış edənlər muxtar respublikanın 95 illik yubileyi münasibətilə idmançıları təbrik edərək bildiriblər ki, açıq birinciliyin keçirilməsində məqsəd karate-do idman növünü yeniyetmə və gənclər arasında təbliğ etməkdən ibarətdir.
Muxtar respublikanın Karate-do Federasiyası və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 150-yə yaxın idmançı mübarizə aparıb. 7 yaş qrupunda 12 çəki dərəcəsi üzrə təşkil edilən birincilik beynəlxalq qaydalar əsasında keçirilib.
Yekun nəticəyə əsasən, qızlar arasında 8-9 yaş qrupunda Zəhra Məmmədova, 10-11 yaş qrupunda Nərgiz Həsənli, Ayan Məmmədova, oğlanlar arasında isə 8-9 yaş qrupunda Həsən Səfərli, Elgün Zeynalov, 10-11 yaş qrupunda Yaqub Qənbərov, Yaqub Abdullayev, 12-13 yaş qrupunda Əli Mehdiyev, Məhəmməd Bağırov, 14-15 yaş qrupunda Vüsal Seyidov və 16-17 yaş qrupunda İmran Həsənov və Aslan İsmayılov bütün görüşləri qalib kimi başa vuraraq birinci yerə layiq görülüblər.