Veloturizm səyahətlərinin əhəmiyyəti

Veloturizm səyahətlərinin əhəmiyyəti

Velosiped ilə gəzintilər, səyahətlər və veloturizm yürüşləri insanların fəal istirahəti, həmçinin asudə vaxtlarının faydalı, səmərəli keçməsi üçün ən yaxşı vasitələrdən biridir. Velosipedlə doğma diyarına səyahətə çıxan insanlar vətənin tarixi abidələri, səfalı yerləri, təbiəti və respublikanın indiki həyatı ilə yaxından tanış olur, ölkələri haqqında biliklərini zənginləşdirir, eyni zamanda, dünya görüşlərini genişləndirirlər.
Velosəyahət zamanı insanlar sağlamlıqlarını və səhhətlərini möhkəmlətməklə yanaşı, orqanizm üçün vacib olan fiziki keyfiyyətləri də (dözümlülük, qüvvə, cəldlik, çeviklik, sürət) inkişaf etdirirlər. Velosiped sürmək insan orqanizminə olduqca müsbət təsir göstərir. Veloturizm səyahətləri zamanı insanda müəyyən bacarıq və vərdişlər: tarazlığı və müvazinəti saxlamaq, dəqiqlik və diqqətlilik, qəflətən yaranmış əlverişsiz vəziyyətdən tez bir anda uğurla çıxmaq bacarığı, iradi keyfiyyətlərin inkişafı və s. də möhkəmlənir.
Veloturizm yürüşləri Velosiped Federasiyası və veloidman klubları tərəfindən təşkil olunaraq həyata keçirilir. Velosiped turizminin ən sadə formalarından biri səyahətlərin təşkil olunmasıdır. Bu növ səyahətlər hər-hansı bir marşrutla, müxtəlif yaş qrupları üzrə müəyyən bir müddətə keçirilə bilər. Veloturistlərin maraqlarını artırmaq məqsədilə vahid veloturizm təsnifatı təsdiq edilir. Bu təsnifata uyğun olaraq, veloturizm səyahətləri üçün müəyyən dərəcələr təyin olunur. Həvəskar veloturist marşrutlarının mürəkkəbliyindən asılı olaraq velosipedçilər üçün müvafiq veloturizm dərəcələri müəyyən edilib (I, II, III dərəcələr).
Həvəskar veloturizm yürüşünə hazırlaşan velosipedçilərin sayı hər qrupda 4-8 nəfər ola bilər. Həmin qruplara fiziki cəhətdən eyni hazırlıqlı, aralarında böyük yaş fərqi olmayan, ən əsası isə, veloyürüş üçün lazım olan bacarıq və vərdişlərə yiyələnmiş şəxslər daxil edilməlidir. Səyathətin marşrutu veloyürüş iştirakçılarının maraqlarına uyğun və hazırlıq səviyyələrindən asılı olaraq seçilir. Birinci dəfə yaxın bir rayonun ərazisində 2-3 günlük veloturizm səyahətinin keçirilməsi daha məqsədəuyğun olar. Sonrakı dövrlərdə daha uzaq yerlərə 5-10 günlük veloyürüşlər keçirmək məsləhət görülür.
Belə səyahətlər yaxşı hazırlanmış həvəskar veloturistlər üçün keçirilir. Bu növ yürüşlərin ümümi məsafəsi 400-600 kilometr olur. Turist səyahətinə çıxmazdan əvvəl planlaşdırılmış yürüş marşrutunu böyük xaritədə diqqətlə öyrənmək lazımdır. Yolun 80-85 faizi mütləq velosipedlə qət edilməlidir, marşrutun 15-20 faizini isə çətin sahələrdən, sərt yoxuşlardan, enişlərdən keçməsi daha məqsədəuyğun olar.
Velosiped turizmi ilə yeni məşğul olanlar üçün seçilən yol marşrutu yaşayış məntəqələrinin yaxınlığından və nisbətən hamar yerlərdən keçməlidir. Seçilmiş yol marşrutunu dəqiq bilmək üçün səyahətə çıxanlar həmin rayonun xəritəsindən başqa, rayon barədə olan ədəbiyyatı, o cümlədən yol göstəricilərini diqqətlə öyrənməlidirlər. Səyahət hər hansı bir velosipedçilər qrupu tərəfindən təşkil edilə bilər. Bu qrup 4 nəfərdən az olmamalı və bu səyahət mütləq rayon ya da şəhər turizm bölməsinin marşrut komissiyasında qeydiyyatdan keçirilməlidir. Qeydiyyatdan keçmək üçün qrupun səfərə çıxmasına bir ay qalmış səyahətin planı, iştirakçıların siyahısı, hərəkət cədvəli, ləvazimatın miqdarı, marşrutun sxemini, eləcə də qidalanmanın təşkili və rabitə növləri haqqında məlumatı təqdim etmək lazımdır.
Səyahətin başlanmasına bir-iki həftə qalmış turist qrupu Turizm Şurasının və idman sağlamlıq mərkəzlərinin rəsmi icazəsini almalıdırlar. Səyahət üçün icazə marşrut kitabçası, ya da marşrut vərəqəsi şəklində tərtib olunmalıdır. Yürüşün rəhbərinin üzərinə mühüm və ciddi vəzifə düşür. Onun turist səyahətlərinin keçirilməsində böyük təcrübəsi olmalıdır. Yürüşün rəhbəri veloturist qrupunun ümumi iclasında təsdiq edilir.



Velosəyahətə çıxmaq üçün qrupun hazırlanmasının məşq proqramı

- Yürüşə çıxmazdan 2-3 ay əvvəl qrupun bütün üzvləri tibbi müayinədən keçməli və sağlamlıq haqqında sənəd almalıdırlar. Yürüşə ilk dəfə çıxan həvəskar velosipedçilər xüsusi proqram üzrə seminar keçməlidirlər. Onlar bu seminar məşğələlərində xəritə və kompasla işləməyi, çadır qurmağı, velosipedin təmir və tənzim olunmasını, yol hərəkəti qaydalarını öyrənməlidirlər. İştirakçıların fiziki hazırlıqlarının yüksək səviyyədə olması da böyük əhəmiyyət kəsb edir.
Yürüşün başlanmasına iki-üç ay qalmış velosipedçilər müntəzəm məşqlərə başlamalıdırlar. İlk məşğələləri həftədə 3 dəfə keçmək, sonralar isə onların sayını həftədə 4-5 dəfəyə çatdırmaq, bununla bərabər, tədricən məsafənin uzunluğunu da artırmaq lazımdır.

200-300 km və 500-600 km-lik yürüşlərə hazırlaşmaq üçün keçilən məşqlərin proqramı (5-19 günlük səyahət adi şosse velosipedi ilə):
I məşğələ. 38-40 km-lik məsafə. Orta məsafə sürəti saatda 18-20 km (bu sürət sonrakı məşğələlərdə də tətbiq edilir). 20 km-dən sonra velosipeddən düşmək və 25-30 dəq. ümuminkişaf fiziki hərəkətlərini (ÜFH) icra etmək lazımdır.
II məşğələ. 40-45 km-lik məsafəni qət etmək (bu məsafənin 10 km-ni enişli-yoxuşlu sahədə velosiped sürmək).
III məşğələ. 50-55 km-lik məsafə qət etmək. 25-ci km-dən sonra 1 saatlıq istirahət. Bu müddət ərzində, futbol və ya voleybol oynamaq (yay mövsümündə dənizdə, göldə və çayda üzgüçülüklə məşğul olmaq) olar.
IV məşğələ. 40-45 km-lik məsafəyə yürüş (bunların 15 km-ni enişli-yoxuşlu sahədə velosiped sürmək).
V məşğələ. 50-55 km-lik məsafəni qət etmək. 30-32-ci km-dən sonra 1 saat ərzində fiziki hərəkətlər və üzgüçülüklə məşğul olmaq.
VI məşğələ. 55-60 km-lik məsafəyə yürüş. 27-30-cu km-dən sonra 1,5 saat ərzində futbol, voleybol, əl topu oynamaq. İstirahətdən sonra qalan məsafənin qət olunmasını davam etdirmək.
VII məşğələ. 60-65 km-lik məsafəyə yürüş. Bunun 20 km-ni enişli-yoxuşlu sahədə getmək.
VIII məşğələ. 65-70 km-lik məsafəni qət etmək. 33-35-ci km-dən sonra 1 saat ərzində fiziki hərəkətləri yerinə yetirmək, idman oyunları təşkil etmək. Ümumi məsafənin qalan hissəsini qət etmək.
IX məşğələ. 55 km-lik məsafəni qət etmək. 30-cu km-dən sonra 1,5 saat ərzində idman oyunları və üzgüçülüklə məşğul olmaq. Ümumi məsafəni başa vurmaq.
X məşğələ. 70- km-lik məsafədə velosiped sürmək. Bunun 15 km-ni enişli-yoxuşlu sahədə keçmək.
XI məşğələ. 60 km-lik məsafəni qət etmək. Həmin məsafənin 10 kilometri çətin keçilən ərazi olmalıdır.
XII məşğələ. 75- km-lik məsafədə velosiped sürmək, onlardan 15 km-ni enişli-yoxuşlu sahədə qət etmək.
XIII məşğələ. 10- kilometri çətin keçilən sahə olmaqla 60 km məsafə qət etmək.
XIV məşğələ. 40-45 km-lik məsafə qət etmək (5-6 km enişli-yoxuşlu sahədə hərəkət etmək).
Sonuncu bir və ya iki məşğələni səyahət yürüşünə çıxmaq üçün təchiz olunmuş velosipedlə getmək daha məqsədəuyğundur.
Velosiped sürmək və pedalla işləmək texnikasına görə məşq aparılan vaxt məşğul olanların velosiped üstündə düzgün oturmalarını, pedalla qənaətbəxş işləməsi eniş və yoxuşların qət edilməsini, aparıcının arxasınca getməyi nəzarətdə saxlamaq lazımdır. Uzun məsafəli yürüşlərdə iştirak edən nisbətən zəif hazırlıqlı həvəskar velosipedçilərin, ilk növbədə, yuxarı ətraf əzələləri yorulur. Bu əzələləri möhkəmlətmək üçün gimnastika hərəkətlərindən, idman oyunlarından (voleybol, əl topu, basketbol) istifadə etmək məsləhət görülür. Səfərə hazırlaşan zaman turistlərə velosiped üstündə qollar, çiyinlər və bel əzələləri üçün sadə fiziki hərəkətlərin icrasını öyrətmək lazımdır. Bundan başqa, yürüşə hazırlaşanlar velosiped üstündə yük daşımağı, velosipedi çiyinlərində aparmağı bacarmalı, müxtəlif iqlim şəraitində velosiped sürmək bacarıqlarına yiyələnməlidirlər.
Veloturizm səyahətlərinə səmərəli hazırlıq aparılması üçün Bakı şəhərinin cənubunda Şıx istirahət zonasında Azərbaycan Velosiped İdmanı Federasiyasına məxsus "Velopark”da məşğələlərin təşkil olunması daha faydalı olar. "Velopark”da 4,2 km-lik dairəvi şosse yolunda keyfiyyətli velosiped məşqlərinin keçilməsi mümkündür.
Sumqayıt şəhərində, Respublika Paralimpiya İdman Kompleksinin ətrafında inşa olunmuş trasda da məşq etmək olar.
Veloturizm səyahətləri üçün aşağıdakı marşrutları tövsiyyə edirik:
Bakı-Şüvəlan-Bakı; Bakı-Sumqayıt-Bakı, Şamaxı-İsmayıllı-Qəbələ; Qəbələ-Oğuz-Qəbələ; Bakı-Lənkəran; Bakı-Nabran və s.
Veloidman Olimpiya idman növlərinə aiddir. Bu idman növünə şosse, trek, kross, "dağ velosipedi” və BMX yarışları daxildir. Veloturizm yürüşləri veloidman növünün kütləviliyinin artmasına kömək edir, veloidmanın şosse, kross və "dağ velosipedi” növləri ilə məşğul olanların sayını gündən-günə artırır.
Veloidmanın 2015-ci ildə Bakıda keçiriləcək Birinci Avropa Oyunlarının proqramına daxil edilməsi növün ölkəmizdə inkişafına böyük dəstək olacaq.

Əli Xəlfəyev,
Pedaqogika üzrə fəlsəfə doktoru,
AzDBTİA-nın dosenti,
"Azərbaycan Respublikasının
Fəxri idman işçisi”