Respublikamızda idmanın və Olimpiya Hərəkatının təbliği və genişləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Ölkəmizdə idmanın, Olimpiya Hərəkatının inkişafına yüksək səviyyədə diqqət və qayğı göstərilir. Azərbaycanda idman sahəsində aparılan uğurlu siyasətin məntiqi nəticəsi olaraq təmsilçilərimiz mötəbər yarışlardan vətənə medallarla qayıdırlar. İdmançılarımız müxtəlif səviyyəli idman yarışlarında, dünya və qitə çempionatlarında bir-birinin ardınca möhtəşəm qələbələr qazanırlar. Olimpiya oyunlarında, dünya və Avropa çempionatlarında müxtəlif növlər üzrə qazanılan uğurlar, əldə edilən medallar müstəqil Azərbaycanın idman salnaməsinə qızıl hərflərlə yazılır. Dünyada idman ölkəsi kimi tanınan Azərbaycan son illərdə yüksək səviyyəli və mötəbər idman tədbirlərinin də mərkəzinə çevrilibdir.Ölkəmiz müxtəlif idman növləri üzrə mötəbər yarışlara yüksək səviyyədə ev sahibliyi edir. Təsadüfi deyil ki, ölkəmizə səfər edən bir sıra beynəlxalq idman təşkilatlarının nümayəndələri Azərbaycanda idmanın, Olimpiya Hərəkatının inkişafını və ölkəmizin müxtəlif səviyyəli beynəlxalq idman tədbirlərinə ev sahibliyi etmək bacarığını yüksək qiymətləndiriblər.
Təsadüfi deyildir ki, ölkəmizdə idmanın maddi-texniki bazasının gücləndirilməsi üçün paytaxt və respublikamızın müxtəlif bölgələrində müasir standartlara uyğun Olimpiya idman kompleksləri, idman qurğuları inşa edilib. Hazırda respublikamızın əksər regionlarında fəaliyyət göstərən Olimpiya İdman Kompleksləri idmançıların, ümumiyyətlə idmanla məşğul olmuq isəyən hər kəsin istifadəsinə verilib. Bütün bunlar Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin bu istiqamətdə apardığı məqsədyönlü siyasət nəticəsində mümkün olmuşdur.
Paytaxtda inşa edilən və müasir standartlara cavab verən idman qurğularından biri də Bakının Xətai rayonunda yerləşən Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhədçi İdman Olimpiya Mərkəzidir. Ölkə rəhbərinin Sərəncamı ilə yüksək səviyyədə inşa olunmuş bu mərkəz son illərdə Azərbaycanda inşa edilən möhtəşəm və əzəmətli idman qurğularından biridir.
Sərhədçi İdman Olimpiya Mərkəzinin yaradılmasında əsas məqsəd idmanın və Olimpiya Hərəkatının inkişafına töhfə vermək, paytaxt sakinlərinin bədən tərbiyəsi və idmanla məşğul olmalarını təmin etmək və beynəlxalq səviyyəli yarışların təşkili olunmasıdır. Sərhədçi İdman Olimpiya Mərkəzi müasir standartlara cavab verən bir idman qurğusu kimi paytaxt sakinlərinə, idmançılara yüksək səviyyədə xidmət göstərir. Burada idmanla məşğul olmuq üçün hər bir şərait vardır və maraqlıdır ki, eyni vaxtda müxtəlif idman növü ilə məşğul olmaq mümkündür.
Sərhədçi İdman Olimpiya Mərkəzinin təmsiçiləri mötəbər yarışlarda uğurla iştirak edir və mükafatalayiq yerlər tuturlar. Xatırladaq ki, bugünlərdə İspaniyanın Barselona şəhərində kunq-fu üzrə dünya çempionatı keçirilib. Yarışda adıçəkilən idman mərkəzinin təmsiçisi, 8 qat dünya çempionu Babək Əliyev də qüvvəsini sınayıb. 80 kq çəki dərəcəsində qüvvəsini sınayan mərkəzin məşqçisi çempionatda İtaliya, Özbəkistan və İran idmançısı ilə görüşüb. Bütün görüşləri əzmlə başa vuran Azərbaycan zabiti bu dəfə də vətənə qalib kimi qayıdıb. Ən çətin görüşünün İran kunq-fuçusu ilə keçdiyini deyən 9 qat dünya çempionu çempionatla bağlı təəssüratlarını bizimlə bölüşdü: "Bundan əvvəl 8 dəfə dünya çempionatında iştirak etmişəm və hər dəfə vətənə çempion kimi qayıtmışam. Bu dəfə də tale üzümə güldü və mən yenə də çempionluq seçinci yaşayıram. Yeri gəlmişkən qeyd edim ki, Sərhədçi İOM-nin yetirməsi, tələbəm Elvin Əhmədli (85 kq) mənimlə birgə Barselonada çıxış edirdi. Elvin də dünya çempionatında ölkəmizi ləyaqətlə təmsil edib və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Qeyd edim ki, Elvin həm də gənclər arasında Avropa çempionu və dünya çempionatının gümüş mükafatçısıır.
Qeyd edim ki, Sərhədçi İdman Olimpiya Mərkəzində idmana xüsusi diqqət yetirilir. Mərkəzin rəhbərliyi tərəfindən mərkəzdə idmançılarım yarışlara hazırlığı, təlim-məşqlərin keçirilməsi üçün hər cür şərait yaradılıb. Bizim borcumuz yaradılan şəraitdən yararlanmaq və bizə göstərilən etimadı doğrultmaqdır. Çalışacağıq ki, bundan sonrakı yarışlarda da maksimum nəticələr əldə edək”.
Xatırladaq ki, Babək Əliyevin yetirtmələrindən Əli Mirəliəkbərli, Fərid Nailov, Cavanşir Əzizzadə müxtəlif yarışlarda mükafatalayiq yerlər tutublar. Nəzərinizə çatdıraq ki, iyulun 19-20-də Bolqarıstanda kunqfu sanda üzrə Dünya kuboku keçiriləcək. Yarışda Sərhədçi İOM-nin təmsilçiləri də qüvvələrini sınayacaqlar. Hazırda idman mərkəzinin yetirmələri bu yarışa ciddi hazırlaşırlar. Babək Əliyevin sözlərinə görə, Dünya kubokuna hazırlıqla bağlı təlim-məşqlər keçirilir. Məşqlərdə əsas diqqət idmançıların fiziki, texniki və taktiki hazırlığına yönəldilib.
Esmira Orucova