Azərbaycanın taekvondo üzrə böyüklərdən ibarət yığma komandası Hollandiyanın Eyndhoven şəhərində təşkil olunan "Dutch Open” beynəlxalq turnirində uğurla çıxış edib. Yarışda milli komandamızın idmançıları səkkiz medala sahib olublar.
Sayca qırx altıncı olan "G1” kateqoriyalı turnirdə mübarizə aparan Cavad Ağayev (63 kq) və Fəridə Əzizova (67 kq) bütün rəqiblərinə qalib gələrək yarışda fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Taekvondoçularımızdan Qaşım Maqomedov (58 kq) və Radik İsayev (87 kq-dan yuxarı) isə yalnız finalda məğlub olaraq gümüş medal qazanıblar.
Digər təmsilçilərimiz Bəhruz Quluzadə (54 kq), Məhəmməd Məmmədov (68 kq), Ramin Əzizov və Payam Qobadi Oğaz (hər ikisi 87 kq) yarışı yarımfinal mərhələsində başa vuraraq bürünc medalla kifayətləniblər.
Beləliklə, Hollandiya açıq çempionatında aktivinə iki qızıl, iki gümüş və dörd bürünc medal əlavə edən millimiz Eyndhovendən birbaşa Belçikaya yollanacaq.
Komandamızın üzvləri Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev və baş məşqçilər Reza Mehmandoust, eləcə də Elnur Amanovun rəhbərliyi ilə martın 16-da Belçikanın Lommel şəhərində keçiriləcək "Belgian Open” turnirində də qüvvələrini sınayacaqlar.