«Judo Club 2012»nin samboçusu Avropa çempionatının bürünc medalına sahib oldu

«Judo Club 2012»nin samboçusu Avropa çempionatının bürünc medalına sahib oldu


Bu gün Kiprin Limasol şəhərində sambo üzrə yeniyetmə və gənclər arasında Avropa çempionatı start götürüb. Yarışda ölkəmizi 12 idmançı təmsil edir. Komandamız yeniyetmələr arasında 8, gənclərin yarışında isə 4 idmançı ilə mübarizə aparır. Yığma komandamızın heyətində «Judo Club 2012»nin gənc samboçusu Vilayət Bayramov (62 kq) da yer alıb. Klubun yetirməsi qitə çempionatının ilk günündə ölkəmizə bürünc medal qazandırıb. Gənclər arasında yarışda 62 kq çəki dərəcəsində çıxış edən Vilayət Bayramov ilk görüşdə Fransa təmsilçisi üzərində qələbə qazanıb. Növbəti mərhələdə ukraynalı idmançıya məğlub olan samboçumuz bürünc medal uğrunda təsəlliverici görüşlərdə qüvvəsini sınayıb. Samboçumuz ilk təsəlliverici görüşdə bolqarıstanlı idmançıya tam üstünlüklə qalib gəlib. Üçüncü yer uğrunda həlledici görüşdə isə Belarus idmançısı üzərində qələbə qazanan Vilayət Bayramov gənclər arasında Avropa çempionatının bürünc medalına layiq görülüb.
Qeyd edək ki, sambo üzrə Avropa çempionatına aprelin 16-da yekun vurulacaq.