Azərbaycan samboçuları Serbiyanın Novi Sad şəhərində keçirilən yeniyetmə, gənclər və böyüklər arasında Avropa çempionatında 10 medal qazanıblar. Yeniyetmələrdən Musaxan Gülməmmədov (64 kq) gümüş, Kərəm Babazadə (71 kq), Toğrul İbrahimov (79 kq) və Orxan Məcidli (+98 kq) bürünc medala sahib olublar.
Gənc samboçulardan Elvin Bağırov (64 kq) və Məhəmməd Məmmədzadə (+98 kq) yalnız finalda uduzaraq gümüş medalla kifayətləniblər. Böyüklərin yarışından isə Azərbaycan samboçuları 4 medalla qayıdıb. Belə ki, idman sambosunda Ceyhun Hüseynov (88 kq) gümüş, Mirfəttah Seyidəliyev (64 kq) və 1 illik cəzadan sonra ilk beynəlxalq yarışında çıxış edən Emil Həsənov (71 kq) bürünc medal qazanıb. Ramil Vəliyev (79 kq) isə gümüş medala layiq görülüb.
Qeyd edək ki, Azərbaycanın sambo üzrə əsas millisinin bu il növbəti yarışı Qırğızıstanın paytaxtı Bişkekdə olacaq. Komandamız noyabrın 11-13-də keçiriləcək dünya çempionatında iştirak edəcək.