Estoniyanın paytaxtı Tallində sumo üzrə XXIII Avropa çempionatı keçirilib. 17 ölkədən 300-dən çox idmançının mübarizə apardığı yarışda Azərbaycan idmançıları da qüvvələrini sınayıblar.
Yarışlarda ölkəmizi Camal Feyziyev (115 kq), Avropa çempionları Məhərrəm Eyvazov (60 kq) və Çingiz Səmədov (100 kq), qitə birinciliyinin mükafatçısı Cavid Feyziyev (115 kq) və Azərbaycan çempionu Nahid Vəliyev (60 kq) təmsil ediblər. İdmançılarımız yarışda Azərbaycan Sumo Federasiyasının prezidenti Samir Abdullayevin rəhbərliyi altında mübarizə aparıblar.
Qarşılaşmaların idarə olunmasında Azərbaycanı beynəlxalq dərəcəli hakim Rəsul Həsənov təmsil edir.
Komandamız yarışda uğurla təmsil olunub. Sumoçularımızdan Camal Feyziyev mütləq və 115 kiloqramdan yuxarı çəki dərəcələrində Avropa çempionu olaraq iki qızıl medal qazanıb. İlk görüşdə Polşa idmançısını məğlub edən C.Feyziyev yarımfinalda Gürcüstan təmsilçisini üstələyib. Sumoçumuz finalda gürcüstanlı daha bir idmançını məğlub edərək Avropa çempionu olub.
C.Feyziyev mütləq çəkidə isə ilk görüşdə Rusiya idmançısından üstün olub. Ukraynalı sumoçunu da məğlub edən C.Feyziyev yarımfinalda Polşa təmsilçisini mübarizədən kənarlaşdırıb. Finalda daha bir ukraynalı idmançını məğlub edən C.Feyziyev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Yarışın növbəti günündə komandamız aktivinə daha bir medal yazdırıb. Azərbaycan sumoçusu Çingiz Səmədov 100 kiloqram çəki dərəcəsində Avropa çempionatının qızıl medalına layiq görülüb. İlk görüşdə Polşa idmançısını məğlub edən Ç.Səmədov dörddəbir finalda Rusiya təmsilçisini üstələyib. Sumoçumuz yarımfinalda gürcüstanlı idmançını məğlub edərək finala vəsiqə qazanıb. Ç.Səmədov finalda daha bir polşalı rəqibini məğlub edərək Avropa çempionu olub.
Qeyd edək ki, Azərbaycan Sumo Federasiyasının prezidenti Samir Abdullayev sumonun inkişafında göstərdiyi xidmətlərə görə 5-ci dan sertifikatı ilə təltif olunub. Ona bu mükafatı Avropa Sumo Federasiyasının prezidenti Dariuş Rozum təqdim edib.