Qəbələ rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş yeniyetmələr arasında taekvondo üzrə Qəbələ rayon birinciliyi keçirilib. "Qafqaz Sport Otel”in idman zalında təşkil edilən yarışda 100-dək taekvondoçu qüvvəsini sınayıb.
Yarışın keçirilməsində məqsəd ümummilli lider Heydər Əliyevin müasir Azərbaycanın inkişafı yolunda gördüyü işləri, eləcə də, idman sahəsində apardığı islahatları ictimaiyyətə çatdırmaq, həmçinin rayonda idmanın kütləviliyinə nail olmaq, yeniyetmə və gənc idmançılarda yarış təcrübəsini və ustalığı inkişaf etdirmək, taekvondo idman növünü yeniyetmələr arasında təbliğ etməkdən ibarətdir.
Turnirin açılış mərasimində Qəbələ Gənclər və İdman İdarəsinin rəisi Fəxri Soltanov çıxış edərək, ulu öndərin ölkəmizdə idmanın inkişafı naminə gördüyü işlərdən danışmışdır. Natiq öz çıxışında bütün respublikada olduğu kimi Qəbələ rayonunda da idmanın maddi-texniki bazasının möhkəmləndirilməsindən, ölkə Prezidenti İlham Əliyevin idmançılara göstərdiyi diqqət və qayğıdan bəhs etmişdir.
Azərbaycanın Dövlət himni səsləndikdən sonra taekvondo üzrə rayon birinciliyinə start verilib. Yarışda iki yaş qrupunda 10 çəki dərəcəsi üzrə 100-dən çox yeniyetmə gərgin mübarizə aparıb. Yarışın təşkili Azərbaycan Taekvondo Federasiyasının qaydaları əsasında rayon Gənclər və İdman İdarəsi tərəfindən təsdiq edilmiş hakimlər heyəti tərəfindən aparılıb.
Mükafatalayiq yerlər tutan idmançılara Qəbələ Rayon Gənclər və İdman İdarəsinin diplomları təqdim edilib.