Karateçilərimiz Minsk-2019-a hazırlaşırlar

Karateçilərimiz Minsk-2019-a hazırlaşırlar


Minskdə ikinci Avropa Oyunlarında iştirak edəcək karateçilər və milli komandanın əvəzedici heyətinin bəzi üzvləri müxtəlif ölkələrdə təlim-məşq toplanışındadırlar.
Baş məşqçi Bahəddin Kandazın və böyük məşqçi Qurban Tağıyevin rəhbərliyi ilə Honq Konq şəhərinə yola düşən heyətdə Firdovsi Fərzəliyev (60 kq), Rafiz Həsənov (67 kq), Asiman Qurbanlı (+84 kq), Ayxan Mamayev, Turqut Həsənov və Pənah Abdullayev (84 kq) yer alıblar. İyunun 5-dək təlim məşqlərdə olacaq karateçilər oradan birbaşa Şanxaya - Karate 1 Premyer Liqasına yollanacaqlar. İyunun 7-9-da keçiriləcək mötəbər yarışda komandamızın heyətinə Şahin Atamov (+84 kq), Roman Heydərov (kata) və İrina Zaretska (68 kq) da qoşulacaqlar.
Rafael Ağayev (75 kq) zədəli olduğundan təlim-məşqlərdə və qarşıdakı turnirdə iştirak etməyəcək. Oyunların iştirakçısı Nuranə Əliyeva (50 kq) və digər heyət üzvləri, milli komandanın böyük məşqçisi Şahin Xudaverdiyevlə hazırlıqlarını Bakıda davam etdirəcəklər.
İkinci Avropa Oyunlarına vəsiqə qazanan digər idmançımız Roman Heydərov kata üzrə baş məşqçi Vahid Ayvazovun rəhbərliyi ilə mayın 26-dan iyunun 3-dək Minskdə təlim-məşqlərdə iştirak edəcək. İrina Zaretska (68 kq) qadınlardan ibarət yığmanın baş məşqçisi Denis Morozovun rəhbərliyi ilə mayın 31-dən iyunun 3-dək Almaniyanın Düsseldorf şəhərində hazırlıq keçəcək.