İyunun 21-30-da Belarusun paytaxtı Minskdə ikinci Avropa Oyunları təşkil olunacaq. 15 idman növü üzrə keçiriləcək Minsk-2019-da 4 min idmançı 200 dəst medal uğrunda mübarizə aparacaq. Azərbaycanı bu yarışda 10 idman növü üzrə 80 idmançı təmsil edəcək. II Avropa Oyunlarında iştirak edəcək idmançılar arasında "Judo Club 2012”nin samboçusu Abdulla Abdullayev də yer alıb. Yarışda 74 kq çəki dərəcəsində çıxış edəcək samboçumuz ikinci Avropa Oyunlarına lisenziyanı Beynəlxalq Sambo Federasiyasının reytinq cədvəlinə əsasən, Avropa qitəsi üzrə yeddinci yeri tutaraq qazanıb.
Minsk-2019 çərçivəsində təşkil olunacaq sambo yarışları iyunun 22-23-də keçiriləcək.
Qeyd edək ki, dəfələrlə Azərbaycan birinciliyinin qalib və mükafatçısı olan Abdulla Abdullayev həmçinin, Avropa birinciliyinin ikiqat bürünc, Dünya Kubokunun isə ikiqat gümüş mükafatçısıdır.
Xatırladaq ki, birinci Avropa Oyunları 2015-ci ildə Azərbaycanda təşkil olunub. Azərbaycan idmançıları Bakı-2015-də 56 medal (21 qızıl, 15 gümüş, 20 bürünc) qazanaraq komanda hesabında Rusiyadan sonra ikinci pillədə yer alıblar.