Təmsilçilərimiz Odessada yarışacaqlar

Təmsilçilərimiz Odessada yarışacaqlar


İyunun 28-də Ukraynanın Odessa şəhərində karatenin WKC növləri üzrə Dünya kuboku keçiriləcək. Planetin ən güclü ölkələrinin mübarizə apardığı turnirdə Rusiya, Ukrayna, Almaniya, İtaliya, İngiltərə, İspaniya, Fransa, Polşa, Türkiyə, Qazaxıstan və Belarus idmançıları yarışacaqlar. Ölkəmizi bu turnirdə Naxçıvan Muxtar Respublikasının komandası təmsil edəcək. 3 gün davam edəcək Dünya kubokunda komandamız 4 idmançı ilə yarışacaq. Baş məşqçisi Hidayət Şabanovun rəhbərliyi altında Mirpaşa Kərimov (14 yaş), Xəzər Əliyev (16 yaş), İlkin Şirinov (18 yaş) çıxış edəcəklər. Böyüklər arasında isə komandamızı Nəriman Quliyev (85 kq) təmsil edəcək.
İdmançılarımızın Dünya kubokuna hazırlığı ilə bağlı məlumat əldə etmək üçün Naxçıvan Muxtar Respublikasının Karate-do Federasiyasının sədr müavini Nəriman Quliyevlə görüşdük. O, hazırlıqların yüksək səviyyədə keçdiyini dedi. "İlk dəfədir ki, belə bir mötəbər turnirdə iştirak edəcəyik. Dünya kubokunda çıxış etmək üçün yarış təşkilatçıları bizə dəvət göndəriblər. İyunun əvvəlində Bakıda karate-do üzrə respublika çempionatı keçirildi. Həmin çempionatda qalib gələn idmançılar Dünya kubokunda iştirak etmək hüququ əldə etdilər. İdmançılarımız Odessada karatenin şotakan növü üzrə yarışlarda mübarizə aparacaqlar. İyunun 28-də isə mən böyüklər arasında karatenin kontakt və kata növlərində yarışacağam. Yarışa Əməkdar məşqçi Hidayət Şabanovun rəhbərliyi altında Naxçıvan Muxtar Respublikasında və Bakıda hazırlaşmışıq. İki həftədir ki, komandamız Bakıda bir sıra klublarda təlim-məşq toplanışlarında olub. Bu məşqlərin məntiqi nəticəsi olaraq, idmançılarımızdan Dünya kubokunda uğurlu nəticə gözləyirəm. Özümüzü yarışa tam hazır hesab edirik. Turnirdə əsas ümidim 18 yaş qrupunda iştirak edəcək İlkin Şirinov və 14 yaş qrupundakı idmançımız Mirpaşa Kərimovdur. Bizə göstərilən diqqət və qayğıya görə V dan qara kəmər sahibi, Əməkdar məşqçi və komandanın baş məşqçisi Hidayət Şabanova minnətdarlığımı bildirirəm. Ümid edirəm ki, biz bu etimadı doğruldaraq vətənə medalla qayıdacağıq”, - Nəriman Quliyev bildirdi.
Məlumat üçün deyək ki, yarışa hazırlıqlarını Bakıda keçirən Naxçıvan komandası iyunun 25-də Ukraynaya yola düşüb.