Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında karate yarışlarına yekun vurulub. Yarışda 60 kq çəki dərəcəsində çıxış edən Firdovsi Fərzəliyev final görüşünə çıxıb. O, finalda Latviya təmsilçisi Kalvis Kalninslə qarşılaşıb. Qarşılaşmadan məğlub ayrılan idmançımız gümüş medalla kifayətlənib.
Komandamızın digər üzvü Rafael Ağayev (75 kq) isə finalda ukraynalı Stanislav Horuna ilə üz-üzə gəlib. Görüşdə məğlub olan R.Ağayev ikinci Avropa Oyunlarında Azərbaycanın aktivinə 10-cu gümüş medalı yazdırıb. Bu, Azərbaycan millisinin Minsk-2019da 28-ci medalı olub. Bu medalların 5-i qızıl, 10-u gümüş, 23-ü isə bürüncdür.
R.Ağayev qrup mərhələsindəki birinci görüşdə britaniyalı Co Kellaueyi 3:2 hesabı ilə məğlubiyyətə uğradıb. İkinci qarşılaşmada türkiyəli Erman Eltemuru minimal hesabla məğlub edən karateçimiz sonuncu görüşdə macarıstanlı Qabor Harspataki ilə xalsız heç-heçə edib. Bununla da qrupu birinci sırada başa vuraraq yarımfinala yüksələn R.Ağayev finala vəsiqə uğrunda qarşılaşmada estoniyalı Pavel Artamonova 2:1 hesabı ilə qalib gəlib.