İyunun 28-30-da Ukraynanın Odessa şəhərində karate üzrə Dünya kuboku keçirilib. Yarışda Azərbaycan Karate Federasiyasının yığma komandasının tərkibində Azərbaycan Şəkər İstehsalı Birliyinin (AŞİB) karate klubunun 2 idmançısı iştirak edib. VKC növü üzrə keçirilən yarışda yeddi yaşlı Səid Qaraşlı (20 kq) bütün rəqiblərinə qalib gələrək finala çıxıb. Finalda erməni karateçisi ilə qarşılaşan idmançımız rəqibinə tam üstünlüklə qalib gələrək Dünya kubokunun sahibi olub. 15 yaşlı Üzeyir Əsədullayev (52kq) də rəqiblərini məğlub edərək qızıl medala layiq görülüb. AŞİB klubunun rəhbəri Fərhad Toqal klubun idmançıları ilə görüşərək, onlara gələcək yarışlarda uğurlar arzu edib.