İspaniyanın Marina Dor şəhərində keçirilən taekvondo üzrə gənclər arasında Avropa birinciliyinə yekun vurulub. Baş məşqçi Məmməd Abdullayev və böyük məşqçi Zahid Məmmədovun rəhbərliyi altında Azərbaycan taekvondoçuları da, yarışda mübarizə aparıblar. Komandamız qitə birinciliyini 3 bürünc medalla başa vurub. Təmsilçilərimizdən 51 kq çəki dərəcəsində mübarizə aparan Səyyad Dadaşov Bolqarıstan, Hollandiya və Serbiya idmançısına qalib gələrək yarımfinala yüksəlib. Həlledici görüşə vəsiqə uğrunda macarıstanlı taekvondoçu ilə qarşılaşan Səyyad məğlub olaraq yarışı bürünc medalla başa vurub. Qitə birinciliyində 68 kq çəki dərəcəsində dayanq üzərinə çıxan Cavad Ağayev də bürünc medala sahib olub. Gənc taekvondoçumuz xorvatiyalı Josip Bilici, almaniyalı Jona Porşu və erməni idmançı İqor Karapetyanı yarışdan kənarlaşdıraraq, yarımfinala yüksəlib. Yarımfinalda rusiyalı Erik Ageenka ilə döyüşdə cütlüyün qalibini qızıl xal həll edib. Rusiya idmançısı qarşılaşmanın qalibi olub. Beləliklə idmançımız qitə çempionatının bürünc medalına layiq görülüb. Avropa birinciliyinin sonuncu günündə komandamızın daha bir üzvü fəxri kürsüdə yer alıb. Yarışda 78 kq çəki dərəcəsində iştirak edən Taleh Süleymanov İspaniya, Rusiya və Ukrayna taekvondoçularına qalib gəlib. Yarımfinala adlayan Taleh digər rusiyalı idmançıya məğlub olaraq Avropa birinciliyinin bürünc medalına sahib çıxıb.